Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2019 21:09
Bakı. İlhamə İsabalayeva - Trend:
2019-cu ilin yanvar-may aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 319.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 93.8 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 212.7 mln. manat, ödənişlər isə 64 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 106.6 mln. manat, ödənişlər isə 29.8 mln. manat olub.
2019-cu ilin yanvar-may aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.6%-i könüllü, 33.4%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 68.3%-i könüllü, 31.7%-i icbari sığorta növləri hesabına formalaşıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə qeyri-həyat sığortasının haqları üzrə həm könüllü 2% (2.4 mln. manat), həm də icbari növləri 10% (7.7 mln. manat) üzrə artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta 20% (10.6 mln. manat) və daşınmaz əmlakın icbari sığortası 33.0% (4.0 mln. manat) üzrə olub.
Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 18% (3.5 mln. manat) qeydə alınmışdır.
2019-cu ilin yanvar-may ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb (https://www.fimsa.az/az/statistics-statistics).
Sığorta bazarının növ və şirkət üzrə icmal göstəriciləri
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin