Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 14:03
Avqustun 23-də Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun növbəti təxribat törətmək cəhdinin arxasında regionda daim gərginliyi saxlamaq, vasitəçilərə, dünya birliyinə təzyiq etmək ki, "burada sabitlik, əminamanlıq yoxdur, ona görə də sülh danışıqları əbəsdir" kimi məqsədlər dayanır.
Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov deyib.
Politoloq bildirib ki, bu proseslərdən ayrı-ayrılıqda belə bir mənzərə ortaya çıxır ki, Ermənistan bölgədə sülh-əminamanlığın bərqərar olmasını istəmir:
"Ermənistan, ümumiyyətlə, sülh prosesinə hazır olmadığından, bu status-kvonu saxlamaq istəyindən çalışır ki, bölgədə daim qaynar bir mənzərə yaratsın, qaynar şərait formalaşdırsın və yenə qeyd edirəm, vasitəçilərə bildirsin ki, guya bu gərginliyin arxasında Azərbaycan durur. Amma Azərbaycan bilirsiniz ki, danışıqlar prosesinə, sülh məramına həmişə hazırdır, aydın olaraq həmişə öz mövqeyini izah edib. Lakin buna baxmayaraq Ermənistan hətta özünün strateji tərəfdaşı olan Rusiyanın da təklifini rədd edir. Yadınızdadırsa, Lavrov demişdi ki, "Bu, masa üzərində olan mərhələli həll yoludur". Ona cavab olaraq Ermənistanın xarici işlər naziri Mnatsakanyan bildirdi ki, onlar guya bu barədə məlumatsızdırlar və onların danışıqlar aparmaqdan ötrü heç bir hazırlıqları yoxdur. Bütün bu proseslərdən ayrı-ayrılıqda belə bir mənzərə ortaya çıxır ki, Ermənistan, ümumiyyətlə, bölgədə dağıdıcılıq siyasətini davam etdirir. Ermənistanın ən böyük ümidi də ondan ibarətdir ki, burada sülh-əminamanlıq bərqərar olmasın".
Təhməz Təkin