Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir'' - Marianna Vardinoyannis

''Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir'' - Marianna Vardinoyannis

Tarix: 27 Avqust 2020 14:39

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib.

O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb:

"Görüşdüyümüz ilk andan mən onun parlaq şəxsiyyətinə, təmiz ürəyinə və gördüyü böyük işlərə heyranlıq duyuram. UNESCO-da əməkdaşlığımız sayəsində bizim dostluğumuz möhkəmlənib və Mehriban Əliyeva ilə bağlı bu cür səmimi məqamları bölüşmək böyük şərəf və iltifatdır. Biz müxtəlif ölkələr, o cümlədən Yunanıstan və Azərbaycan arasında həmrəylik və mədəniyyət körpüləri ucaltmağa çalışaraq birgə işləmişik. Mehriban Əliyeva tarixi və mədəni dəyərlərin həqiqi müdafiəçisi və humanizmin parlaq nümunəsidir. Mehriban Əliyevanın Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları dəstəkləməsi, xüsusilə, Afinada uşaq onkologiya xəstəxanasını və xəstə uşaqları olan ailələr üçün qonaq evini ziyarət etməsi, Yunanıstan məktəblərinə göstərdiyi dəstək, Yunanıstanda böyük abidə və muzeylərdə olması, Olimpiya idman ruhunu təşviq etməsi, Yunanıstanda və digər ölkələrdə mədəni xeyriyyə tədbirlərini təşkil etməsi göstərə biləcəyimiz nümunələrdir. Mehriban Əliyevanın təşəbbüsləri Şərqlə Qərbi yaxınlaşdırır, mədəniyyətlər və xalqlar arasında dialoqa xidmət edir. Sülh təşəbbüslərinə gəldikdə, Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsi, qayğıya gəldikdə isə, ehtiyacı olan insanların qəlbində mərhəmətli ümid elçisidir!"

M.Vardinoyannis deyib ki, Mehriban Əliyeva nəinki Azərbaycanda, həm də bütün dünyada qadınlar üçün örnəkdir:

"Onun xarakterindəki mehribanlıq, təvazökarlıq və mərhəmət qətiyyət və gücü ilə həmahəngdir. Mehriban Əliyevanın şəxsi nümunəsi qadınları ictimai həyatda fəal iştiraka ruhlandırır. Onun Azərbaycan qadınlarının siyasi fəallığının təşviq olunmasında xidmətləri regionda müstəsna və novator xarakter daşıyır. Bu, ölkənin inkişafı üçün çox vacibdir. Xüsusən də gənc qadınlar tolerantlıq və müxtəlifliyin, keçmiş dəyərlərə və gələcək baxışlara hörmətin hökm sürdüyü müasir cəmiyyətlərin qurulmasına öz töhfələrini vermək üçün onun şəxsində ilham mənbəyi görürlər. Mehriban Əliyeva qadınların zehninə və ümumilikdə Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər gətirir. Heydər Əliyev Fondunda olarkən çox duyğulu anlar yaşadım və mən Bakıya hər dəfə gələndə bu hissi keçirirəm. Azərbaycana onun gözləri ilə və niyyətləri ilə baxanda birlikdə paylaşdığımız anları çox əziz hesab edirəm".

O qeyd edib ki, Yunanıstanı və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq birləşdirir:

"Mən hesab edirəm ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin, mədəniyyətimizin və uşaqlarımızın böyük dostudur. Ölkələrimiz arasında kifayət qədər mədəni mübadilələr var, Afinada Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Mən heç zaman Mehriban Əliyevanın Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) tədbirlərinin keçirilməsində dəstəyini, "Məktəblərin dəstəklənməsi layihəsi"nin reallaşdırılmasına köməyini unutmayacağam. İncəsənət və mədəniyyət insanları yaxınlaşdırır, çünki hər bir xalqın ruhunu əks etdirir. Bizim birgə tədbirlərimiz, konsertlər, tamaşalar, konfranslar, sərgilər böyük potensiala malikdir. Mən göstərilən misilsiz dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm!"


Etiketlər:  Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsidir Marianna Vardinoyannis


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ