Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 11:12
Bakı. Trend:
Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı” keçirilib.
Trend-in məlumatına görə, yarış Enactus-un prezidenti - Reyçel Jaroş, Azərbaycan Gənclər Fondunun icraçı direktoru - Fərid Cəfərov, BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti – Bəxtiyar Aslanbəyli və Enactus Azərbaycanın ölkə üzrə rəhbəri Faiq Məmmədovun açılış nitqləri ilə başlayıb.
Ötən illərdən fərqli olaraq, ali təhsil müəssisələrinin “Enactus” komandaları çalışdıqları layihələrin təqdimatlarını münsiflər heyəti qarşısında onlayn formatda həyata keçiriblər. 30-dan çox dövlət və özəl qurumlardan olan münsif heyətindən ibarət yarışda 16 komanda gərgin mübarizə aparıb. Liqalardan ibarət olan yarışın hər liqasında seçilən 3 finalçı komandaların çıxışları Enactus Azərbaycanın İdarə heyəti tərəfindən qiymətləndirilərək, qalib müəyyən edilib.
Bu ilki yarışın qalibi seçilən Bakı Dövlət Universitetinin komandası cari ilin sentyabr ayında virtual keçiriləcək Enactus Dünya Kubokunda “Enactus-2020” dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb. Eləcə də, müstəqil ekspertlər tərəfindən seçilən 2-ci yerin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası, 3-cü yerin qalibi Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları mükafatlandırılıb.
Qeyd edək ki, 1975–ci ildə ABŞ-da təsis edilən “Enactus” proqramı indiyədək 72 mindən artıq iştirakçı toplayaraq, 2 milyondan çox insanın həyatını dəyişərək, cəmiyyətə öz töhfələrini verib.
Əsas məqsədi gənclərin nəzəri biliklərini təcrübədə tədbiq etmələrinə dəstək göstərmək, biznes, təhsil və sosial layihələrini həyata keçirmək, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, xüsusilə də ölkədə kiçik və orta sahibkarlığa dəstək olan “Enactus” proqramına Azərbaycan 2005-ci ildən qoşulub.