Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 11:15
Azərbaycanın koronavirusa qarşı mübarizədə bu gün dayandığı mərtəbə heç də təsadüfən əldə olunmayıb və ölkəmizin bu istiqamətdə atdığı qabaqlayıcı, bir-birini tamamlayan əhatəli, dərin və cəmiyyətin dəstəyinə söykənən addımlarının birbaşa nəticəsidir.
Bunu Sonxeber.net-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanda həyata keçirilən tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının plan və metodikası ilə uyğunlaşdırılması Azərbaycanın nailiyyətlərini təyin edən birbaşa səbəblərə çevrildi:
"Bir daha aydın oldu ki, Azərbaycanın koronavirusla mübarizədə başqa ölkələr üçün nümunə sayılan nəticələri Azərbaycanda hakimiyyətin və xalqın üst-üstə düşən iradəsinin birbaşa nəticəsi olaraq meydana çıxıb. Xüsusilə də qeyd edilməlidir ki, məhdudlaşdırıcı tədbirlərin şəraitə uyğun olaraq ardıcıl və məntiqli şəkildə həyata keçirilməsi, məhdudlaşdırıcı tədbrilərin yenə də şəraitə uyğun yumşaldılması, yoluxma səviyyəsinə uyğun olaraq növbəli şəkildə məhdudlaşdırıcı addımları və yumşaldılmalara getmə metodikasının rəvan şəkildə işlədilməsi, cəmiyyətin marifləndirilməsi, əhalinin sosial rifahının yüksək səviyyədə saxlanılması üçün lazımi addımların atılması, ölkədə iqtisadi fəallığın kəskin aşağı düşməsinin qarşısını almaq üçün gərəkli addımların atılması, kiçik-orta biznes nümayəndələrinə yardımların göstərilməsi, əhalinin, demək olar ki, bütün həssas təbəqələrinə, hətta dünya ölkələrinin parktikasında belə rast gəlinməyən həssas təbəqələrə dövlət tərəfindən sosial yardımların göstərilməsi və ən əsası Azərbaycanda həyata keçirilən tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının plan və metodikası ilə uyğunlaşdırılması Azərbaycanın nailiyyətlərini təyin edən birbaşa səbəblərə çevrildi. Əhalinin marifləndirilməsi istiqamətində atılan addımlar dövlətin gördüyü mühüm tədbirlərdən biridir. Çünki praktika göstərdi ki, yalnız dövlətin ayrı-ayrılıqda və yaxud da ki, cəmiyyətin ayrılıqda məsuliyyətli davranışı heç də bu nəticələrin əldə olunması üçün əsas ola bilməzdi. Çox vacib sayılan, dövlətin mütəşəkkil addımları ilə cəmiyyətin iradəsini bir-biri ilə əlaqələndirmək lazım idi ki, Azərbaycan buna da çox yüksək səviyyədə nail oldu".
Ekspert qeyd edib ki, Azərbaycanın pandemiya ilə mübarizədə bu gün əldə etdiyi nəticələr təsadüf deyil və bunlar ölkənin son 10-15 ildə həyata keçirdiyi planlı işlərin nəticəsidir:
"Ölkəmizin tibbi infrastrukturunun indiyə qədərki nailiyyətlərindən pandemiyaya qarşı mübarizədə istifadə olunması da olduqca əhəmiyyətli bir təzahürdür. Bir daha təsdiqləndi ki, Azərbaycanın xüsusilə də son 15 ildə tibbi infrastrukturların yaradılması sahəsində həyata keçirdiyi siyasət təsadüf deyilmiş. Bu, haradasa cəmiyyətin müəyyən taktiki, cari maraqlarına uyğun addım olsa da, ancaq əhəmiyyətli dərəcədə həm də strateji hədəfləri döyən bir sosial siyasət imiş. Çünki Prezidentin də qeyd etdiyi kimi, indiyə qədər ölkədə koronavirusa qarşı müalicənin həyata keçirildiyi xəstəxanaların böyük bir qismi məhz son 15-16 ildə yaradılıb. Bu infrastrukturlar yaradılmasaydı, bu gün virusa qarşı bizim mübarizəmizin o qədər də effekti olmazdı. Hətta pandemiya dövründə Azərbaycan dövlətinin tibbi infrastrukturunun təkmilləşdirilməsi və yenilərinin yaradılması da təqdirəlayiq bir addım kimi özünü göstərdi. Modul tipli xəstəxanaların yaradılması, test laboratoriyalarının qurulması pandemiya şəraitində Azərbaycanın tibbi infrastrukturunu təkmilləşdirməsi istiqamətində uğurlu addımları idi. Vətəndaş məsuliyyətinin təşkil olunması və onun qarşıda dayanan hədəfə doğru yönəldilməsində də Azərbaycanın uğurları göz qabağındadır. Dünyada Azərbaycan kimi tək-tək ölkələr var ki, orada vətəndaş məsuliyyətini bu müddət ərzində Azərbaycandakı dinamika ilə həyata keçirmək mümkün olub. Eyni zamanda vətəndaş məsuliyyətinin yüksəlməsində dövlətin apardığı təşkilatçılıq tədbirləri və xüsusilə də dövlət başçısının çağırış və tövsiyələrinin effekti qeyd olunmalıdır. Vətəndaş məsuliyyətinin yüksək səviyyədə formalaşmasında Azərbaycan Prezidentinin özünün şəxsi çağırışları və nümunələri çox böyük rol oyandı. Hansı ki, Prezidentin çağırışları və cəmiyyət arasına çox hallarda tibbi maska ilə çıxması bir daha cəmiyyətə təlqin edən maarifləndirici bir nümunə kimi göründü. Bu, həm də ölkə Prezidentinin cəmiyyət arasında böyük təsir nüfuzunun olmasından xəbər verirdi. Bir sözlə, Azərbaycanın pandemiya ilə mübarizədə bu gün əldə etdiyi nəticələr təsadüf deyildi və bunlar ölkənin həm son 10-15 ildə həyata keçirdiyi planlı işlərin nəticəsi idi, həm də pandemiya dövründə cəmiyyətin və dövlətin iradəsinin üzvü şəkildə birləşdirilməsinin nəticəsi kimi meydana çıxdı".
Təhməz Əsədov