Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mnatsakanyanın etirafı...

Mnatsakanyanın etirafı...

Tarix: 2 Sentyabr 2020 12:00

Ermənistanın xarici işlər naziri ATƏT-in Minsk Qrupunu nə üçün tərifləyir?

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərindən sonra Ermənistanın Moskvada səsləndirilən bəyanatlara bu və ya digər şəkildə reaksiya verəcəyi gözlənilən idi. Amma reaksiyanın gözlənildiyindən bir qədər gec, həm də "İnterfaks" agentliyi vasitəsi ilə verilməsi Paşinyan hakimiyyətinin ənənəvi üslubuna xas olmadığı üçün, maraq doğurur. Görünür təlimatların "həzm edilməsi" və hazırlıq prosesi üçün daha çox vaxta ehtiyac duyulub.  
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan "İnterfaks" agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin real həllinə xidmət edə biləcək məsələlərdən başqa, hazır mətn və istiqamətləndirici suallar əsasında hər şeydən danışıb. Və onun cavablarından orta səviyyədən də aşağı bir jurnalistin çıxara biləcəyi çoxsaylı suallar da Mnatsakanyana verilməyib. Sadəcə danıması, "ürəyini boşaltması", mesaj ötürücüsü funksiyasını yerinə yetirməsi üçün imkan yaradılıb, vəssalam. 

Mnatsakanyan müsahibəsinə Azərbaycanın Tovuz rayonu istiqamətindəki sərhədində həyata keçirilən hərbi təxribatdan başlayır və Ermənistanın bütün siyasi hakimiyyətlərinə xas olan bir həyasızlıqla Azərbaycanı iyul təcavüzündə, "nifrət atmosferini bölgədən kənara daşımaqda, hərbi ritorikanı gücləndirməkdə, "ermənifobiya"da günahlandırır. 

Öncə qeyd edim ki, rəsmi Bakı iyul ayındakı lokal hərbi toqquşmaların məhz Ermənistanın təxribatından qaynaqlandığını sübuta yetirəcək çoxsaylı fakta malik olduğunu dəfələrlə bəyan edib. Digər tərəfdən, son hərbi toqquşmadan bir qədər öncə Ermənistana müxtəlif ölkələr vasitəsiylə və yollarla ötürülən silahlardan iyul hadisələri zamanı istifadə olunması işğalçı ölkənin sərhəd təxribatına öncədən hazırlaşdığını sübuta yetirir. Təbii ki, Zöhrab Mnatsakanyan müsahibəsində geninə-boluna təriflədiyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin soyuq reaksiyası da təsdiq edir ki, təxribat məhz Ermənistan tərəfindən gerçəkləşdirilib. Əks təqdirdə biz həmsədrlərin daha sərt və ünvanlı bəyanatlarının şahidi olardıq. 

Ermənistan xarici işlər nazirinin "hərbi ritorika", "ermənifobiya" ilə bağlı ittihamlarına gəldikdə isə, bunu siyasi riyakarlığın, simasızlığın klassik erməni üslubunda təntənəsi kimi qəbul etmək olar. Görünür, Mnatsakanyan qarşısındakı, mövcudluğu ehtimal olunan jurnalistin timsalında hamının yaddaşsız olduğunu düşünür. Hər halda Nikol Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə intensiv səfərləri və burada verdiyi bəyanatlar Ermənistanın ritorikanı yumşaltmaq, sülh atmosferi yaratmaq niyyətində olduğunu nümayiş etdirmir. 

Zöhrab Mnatsakanyanın Ermənistanı və Dağlıq Qarabağdakı qondarma rejimi "sülhpərvər" göstərmək cəhdləri isə gülüncdür. Ən azı ona görə ki, Ermənistanın baş naziri Tovuz istiqamətində Azərbaycan sərhədlərini pozmağa çalışan erməni hərbiçilərini şəxsən mükafatlandırır, hətta onlardan birinə "Milli Qəhrəman" adı verir. Digər tərəfdən isə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan guya Gəncəni bombalaya biləcəklərinə dair hədələrlə çıxış edir. Bu necə sülhsevərlikdir? Və bütün bunlardan sonra torpaqlarının 20%- işğal altında olan Azərbaycanın vətəndaşları təcavüzü, mülki əhalinin gülləbaran edilməsini, günahsız insanların qətlə yetirilməsini təşviq edən işğalçı ölkəyə və onun azərbaycanlılara, bütövlükdə bölgə xalqlarına nifrət, qəzəb üzərində "tərbiyə olunan" sakinlərinə necə münasibət bəsləməlidirlər? İşğal olunan Azərbaycan ərazilərindən, o cümlədən indiki Ermənistandan didərgin, qaçqın düşmüş, erməni vəhşiliklərinin - soyqırım aktlarının, kütləvi qətliamların ağrı-acısını daşıyan, yurd yerləri ilə yanaşı uşaqlıqları, gənclikləri qəsb edilmiş milyona yaxın azərbaycanlı onları bu duruma salanlara necə münasibət bəsləməlidirlər? Bəlkə Zöhrab Mnatsakanyan azərbaycanlılardan sevgi etirafları gözləyir? Azərbaycanda "ermənifobiya" yoxdur, ola da bilməz. Azərbaycan xalqının qəzəbi də, nifrəti də, Vətən sevgisindən doğan mübarizə, savaş əzminin hədəfi də işğalçı Ermənistandır və bu reallıq işğala son qoyulanadək dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyü Azərbaycan xalqının da, dövlətinin də keçilməsi mümkün olmayan qırmızı cizgisidir və bunu Zöhrab Mnatsakanyan da, onun "sülhpərvər" deyib öydüyü ermənilər də başa düşməlidirlər. 

Ermənistanın xarici işlər nazirinin müsahibəsində nəzərə çarpan yeni, amma yenə də klassik erməni üslubunda dilə gətirilən məqam, onun beynəlxalq hüquqda mövcud olmayan "məhdudiyyətsiz/limitsiz öz müqəddəratını təyinetmə" iddiası ilə bağlıdır. Təbii ki, məqsəd aydındır və oz ağlına görə, gündəmi bu mövcud olmayan anlayış ətrafında müzakirələrlə məşğul etməyə, diqqəti münaqişənin əsas mahiyyətindən yayındırmağa çalışır. Əslində burada "məhdudiyyətsiz/limitsiz" sözləri Ermənistanın münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə münasibətini ifadə edir. Ermənistan mövcud status-kvonu qoruyub saxlamaq üçün prosesinin "məhdudiyyətsiz/limitsiz" olmasını arzulayır və işğalçı ölkənin hərbi-siyasi təxribatlarının da hədəfi bununla bağlıdır. 

Bu, növbəti dəfə nümayiş etdirir ki, Ermənistan münaqişənin həllində qətiyyən maraqlı deyil və hər vəchlə ortaya müxtəlif əhəmiyyətsiz məsələlər atmaqla, irrasional, absurd bəhanələr gətirməklə vaxt qazanmağa, işğalı davam etdirməyə çalışır. Mnatsakanyanın işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin müstəqil hüququn subyekti, yaxud tərəf kimi danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı iddiaları da danışıqlar prosesində heç bir irəliləyişin əldə olunmamasına xidmət edir. Baxmayaraq ki, hətta ATƏT-in Minsk Qrupunun həmsədrləri də danışıqlar formatının dəyişməyəcəyini, bunun mümkünsüz olduğunu bildiriblər. Amma Paşinyan da, Mnatsakanyan da eyni iddianı təkrarlamaqdan yorulmurlar. Çünki bu onlara prosesin pozulması və hər dəfə "0" nöqtəsinə qaytarılması üçün lazımdır. 

Ermənistan xarici işlər nazirinin müsahibəsində haqqında söz açdığı "Dağlıq Qarabağ xalqı" da  elə qondarma rejimin özü kimi hüquqi baxımdan mövcud deyil və ola da bilməz. Dağlıq Qarabağın öz torpağından didərgin salınmış azərbaycanlı icması və indi işğalçı Ermənistan ordusunun nəzarəti altında olan Azərbaycan torpaqlarında yaşayan erməni icması var. 

Dağlıq Qarabağdakı qondarma rejim isə heç vaxt bu icmaları təmsil etmək hüququna malik olmayıb və olması mümkün də deyil. 

Mnatsakanyan müsahibəsində diqqət çəkən məqamlardan biri də, onun Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı barədə söylədikləridir. Ermənistanın xarici işlər naziri etiraf edir ki, iyul hadisələrindən sonra ölkəsinin Rusiya ilə hərbi əməkdaşlığı daha da artıb və Ermənistanın Rusiyadan yeni hərbi təyyarə və vertolyotlar alma məsələsinə də bu əməkdaşlıq müstəvisindən baxılmalıdır. Qeyd edim ki, bu etiraf yayındırıcı açıqlamalarla çıxış edənlərin mülahizələrini təkzib etməklə yanaşı, avqustun 13-də Prezident İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putinə telefon zəngində iyulun 17-dən başlayaraq Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması barədə narahatlığının da əbəs olmadığını göstərir.

Zöhrab Mnatsakanyan iddia edir ki, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı ümumi maraqlardan qaynaqlanır və guya Ermənistan bölgədə heç kim üçün təhlükə deyil. Qədim Roma siyasətçisi, natiqi və filosofu Siseronun bu qəbildən olan siyasi həyasızlıqlar üçün dediyi məşhur bir deyim var: "Kağız qızarmır". Təbii ki, Mnatsakanyanın yalan və böhtanlarının yer aldığı müsahibə də, həmçinin. Hətta internet resursunda yer alsa da belə...

Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Regionun bütün ölkələrinə qarşı ərazi iddiaları ilə çıxış edir. Görəsən, Mnatsakanyanın məntiqinə görə, əsl təhlükə necə olur? Yaxud necə olur ki, regionun digər böyük dövləti olan Türkiyənin Azərbaycanla hərbi əməkdaşlığı "Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edir", amma Azərbaycan torpaqlarını işğal etməsi faktı BMT başda olmaqla, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları, dövlətləri tərəfindən tanınan Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığı, yəni indiki halda təcavüzkarın silahlandırılması regionda sabitlik yaradır? Bu adam özü öz dediklərinə inanır görəsən?

Türkiyə, təkcə bu gün yox, tarix boyu Cənubi Qafqazda sabitliyin və sülh şəraitinin təmin olunmasında müstəsna rol oynayıb. Və bu gün də eyni missiyanı uğurla həyata keçirir. Cənubi Qafqaz üçün isə ən böyük təhlükə Ermənistan rəhbərliyinin faşizm siyasəti və onun ortalıqda olan ağır nəticələridir.

Mnatsakanyanın - mülki Azərbaycan vətəndaşlarını hədəfə alan, evlərini, təsərrüfatlarını dağıdan işğalçı ölkənin xarici işlər nazirinin atəşkəs rejiminin qorunmasının vacibliyi barədə danışması isə onun rol aldığı absurd teatrının növbəti "qırmızı" elementi sayıla bilər. Maraqlıdır,  Ermənistan silahlı qüvvələri hər gün atəşkəs rejimini pozduğu halda, Mnatsakanyan hansı üzlə atəşkəs rejiminin qorunmasının vacibliyindən danışır? Onun məntiqindən belə çıxır ki, Azərbaycan Ordusu baş verənlərə müşahidəçi qalmalı, Ermənistanın təxribatlarının üzərindən sükutla keçməli və imkan verməlidir ki, işğalçı ordu Azərbaycan ərazilərində daha da möhkəmlənsin... Ay sənin məntiqini... yesinlər.

Ermənistan rəhbərliyi unutmamalıdır ki, Azərbaycan Ordusu indi özünün ən qüdrətli dövrünü yaşayır və hər gün daha da güclənir, düşmənin bütün həmlələrinə yerində və vaxtında cavab verir, əməliyyat şəraitinə tam nəzarət edir. Ordumuz təcüvüzkarın bütün təxribat cəhdlərini qarşısını almaq, ona sarsıdıcı zərbələr vurmaq iqtidarındadır.

Son olaraq, Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin ünvanına səsləndirdiyi "tərif"lərə də toxunmaq istəyirəm. Burada da niyyət ortalıqdadır. Əvvəla, qeyd edim ki, Ermənistanın xarici işlər naziri Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ünvanına səsləndirdiyi haqlı iradlarların qarşılığında ermənilərin tarixən yüksək peşəkarlıqla icra etdikləri işin yenidən işə yarayacağını düşünərək, "tərif"in sərhədlərini bacardığı qədər genişləndirib və "barıt"ını ifrat dərəcədə çox edib. Digər tərədən, Minsk Qrupunun indiki fəaliyyəti, yaxud fəaliyyətsizliyi Ermənistanın maraqlarına xidmət edir və təbii ki, Mnatsakanyan da Minsk qrupunun fəaliyyətini "tərifləməklə", onun mövcud formatının saxlanmasına tərəfdar çıxmaqla, status-kvonu möhkəmləndirməyə çalışır.

Müsahibə isə, bütövlükdə Ermənistan hakimiyyətinin işğala son qoymaq niyyətində olmadığını, danışıqların baş tutmaması, yaxud real nəticə verməməsi üçün hər dəfə yeni bir bəhanə gətirəcəyini, yeni təxribatlara əl atacaqlarını nümayiş etdirir. Azərbaycanın isə gözləməyə nə vaxtı, nə də səbri, nə də istəyi qalıb. 

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi ekspert


Etiketlər:  Mnatsakanyanın etirafı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ