Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 17:42
Ümumiyyətlə, hələ 200 il bundan öncə çar Rusiyasının İrandan, Suriyadan, Livandan, Türkiyə ərazisindən erməniləri köçürüb indiki Ermənistan ərazisində yerləşdirməsi siyasəti nəticəsində bir oyuncaq dövlət yaradılıb. Təbii ki, bu siyasət bu gün də davam edir. BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar da birmənalı şəkildə bəyanatlarla, müəyyən qərarlarla təsdiq edirlər ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər Azərbaycanın hüquqi ərazisidir və hazırda həmin ərazilər işğal altındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
R.Quliyev hesab edir ki, Azərbaycan dövləti Ermənistanın bu məskunlaşdırma siyasətinə öz etirazını bildirməklə yanaşı, hər bir faktı ayrıca sənədləşdirməli və bütün beynəlxalq təşkilatlara göndərməlidir: "Bu gün BMT-nin Azərbaycan ərazilərindən Ermənistan ordusunun qeyri-şərtsiz çıxarılması və işğal olunmuş əraziləri azad etməsi barədə 4 qətnaməsi mövcuddur. Təəssüflər olsun ki, bu qətnamələr hələ də icra olunmayıb. Amma buna baxmayaraq, həmin qətnamə hüquqi qüvvədədir. Bu mənada hesab edirəm ki, rəsmi Bakı hər bir faktı ayrıca sənədləşdirərək nəinki bütün beynəlxalq təşkilatlara, eləcə də BMT-yə təqdim etməlidir. Bu, bizim gələcəkdə işğal altında olan torpaqlarımızı azad edərkən əlimizdə olacaq hüquqi sənəddir. Çünki biz qondarma Dağlıq Qarabağda məskunlaşdırılacaq xarici vətəndaşlarla necə rəftar edəcəyimizi indidən hüquqi sənədlərlə rəsmiləşdirib aidiyyəti beynəlxalq qurumlara təqdim etməliyik. Düşünürəm ki, dünyada gedən son proseslər göstərir ki, Azərbaycan dövləti cənab Prezidentin də öz çıxışlarında qeyd etdiyi kimi, uyğun zamanda öz torpaqlarını işğaldan azad etməyə hazırdır. Bunun üçün bütün hüquqi baza və Azərbaycan ordusunun imkanları da var. Lakin uyğun siyasi zamanı gözləmək lazımdır. Təbii ki, uyğun siyasi zamanın da yetişməsinə çox az qalıb".