Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 21:32
Səhiyyə Nazirliyinin əməkdaşları "ÜST-ün Avropa bölgəsi üzrə ölkələrdə milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması məqsədilə keçirilən araşdırmalar" mövzusunda vitual formatında keçirilən Potensialın Artırılması seminarında iştirak edib.
Səhiyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumatda bildirilir ki, səhiyyə təhsil ilə sıx bağlıdır. Yaxşı təhsil həyat keyfiyyətini artırır, möhkəm səhhət isə yaxşı təhsil almaq üçün imkanları genişləndirir. Məhz buna görə ÜST-ün Avropa bölgəsindəki ölkələrdə xüsusi yaradılmış məktəb səhiyyəsi üzrə milli sistemlər bütün təhsil qurumlarında uşaq, yeniyetmə və gənclərin sağlamlığını güçləndirmə və profilaktikası üzrə xidmətləri eləcə də sağlam davranışı təmin edir, onların inkişafını müşahidə etmək vasitəsilə sağlamlığın və təhsilin keyfiyyətini artırır.
Məktəb səhiyyəsi üzrə milli sistemlər çərçivəsində göstərilən xidmətlər tibbi problemləri həll etmək və sağlam təhsil mühitini formalaşdırmaqla yanaşı həm də şagirdlərin davamiyyətinə və müvəffəq təhsilinə müsbət təsir göstərir. Eyni zamanda bu sistemlər uşaq və gənclərin inkişaf etmələrini təmin edib, sağlamlıqlarının qorunması sahəsində qeyri-bərabərliyin artmasının qarşısını alır. Bundan əlavə, məktəb səhiyyəsi üzrə milli sistemlər təhsil ocağı, səhiyyə və sosial qurumlarla sıx əməkdaşlıq edərək, sağlamlığın sosial determinantlar probleminin həll olunma prosesində bağlayıcı rol oynayır.
Məktəb səhiyyəsi üzrə milli sistemlərin işini təkmilləşdirilmək üçün davamlı olaraq onların fəaliyyətinin monitorinq və qiymətləndirilməsi aparılır. Rusiya Federasiyasının dəstəyi ilə Şərqi Avropa və MDB-nin 8-9 ölkəsində növbəti geniş miqyaslı qiymətləndirmə araşdırmasının keçirilməsi 2020 - 2021-ci illərdə planlaşdırılır.
"ÜST-ün Avropa bölgəsi üzrə ölkələrdə milli məktəb səhiyyə sistemlərinin yaxşılaşdırılması məqsədilə keçirilən araşdırmalar"-ın tərtib olunması uşaq və gənclərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və həmin xidmətlərin BMT-nin "Uşaq Konvensiyasına" uyğun olaraq göstərilməsinə yönəlmiş cari beynəlxalq prosesin bir hissəsidir.
Ölkələrin milli koordinatorlarının hazırlanması üzrə növbəti seminar bu gün, sentyabrın 4-də keçirilib.
Seminar çərcivəsində hər ölkə üzrə seçilmiş milli koordinator araşdırma ilə tanış olub, araşdırmanın aparılması üzrə konsepsiya və metodologiyanın müəyyənləşdirilməsinə dair öz töhvələrini verib. Eyni zamanda, müxtəlif maraqlı tərəflərdən məlumatların toplanılması prosesini daxil etməklə araşdırmanın aparılması və tətbiqi üçün zəruri olan məqsəd və funksiyaların dəqiqləşdirilmə metodları ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, seminarda aşağıdakı ölkələrin nümayəndələri iştirak edib: Azərbaycan, Rusiya Federasiyası, Belarusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan. Bundan başqa, seminara Rusiya Federasiyası Səhiyyə Nazirliyi, "Uşaqların sağlamlığı üzrə milli tibbi tədqiqat mərkəzi" Federal Dövlət Muxtar Təşkilatı, ÜST-ün Avropa Regional Ofisi, SHE şəbəkəsi katibliyinin əməkdaşları da qatılıb.