Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2020 15:28
Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti seçki keçirilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak ediblər.
Tədbirdə "Qarabağ"ı direktor Emrah Çelikel, "Neftçi" və "Qəbələ"ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, "Keşlə" və "Sabah"ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, "Zirə" və "Səbail"i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil ediblər. "Sumqayıt"ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.
Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırkı prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni vəzifədə fəaliyyət göstərəcək. Klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs veriblər.
Qeyd edək ki, Ramin Musayev PFL yaranandan - 2008-ci ildən bəri prezident səlahiyyətlərini icra edir.