Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT nəşrində AIDA-nın kampaniyası barədə məqalə dərc edilib

BMT nəşrində AIDA-nın kampaniyası barədə məqalə dərc edilib

Tarix: 17 Sentyabr 2020 16:12

BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin cari ildə çap olunmuş "Dayanıqlı İnkişaf naminə Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıqda Qabaqcıl Təcrübələr (Good Practices in South-South and Triangular Cooperation for Sustainable Development)" nəşrində ölkəmizin İslam İnkişaf Bankı (İİB) ilə strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi "Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə" (Alliance to Fight Avoidable Blindness - AFAB) kampaniyasındakı təcrübəsini əks etdirən məqalə dərc edilmişdir.

Xarici İşlər Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, AFAB kampaniyası 2012-ci ildən etibarən XİN-nin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) iştirakı ilə həyata keçirilir. Kampaniyanın 2012-2016-cı illəri əhatə etmiş birinci mərhələsi ərzində bir sıra Afrika ölkələrində, o cümlədən Burkina Faso, Çad, Qəmər adaları, Kot-d'İvuar, Cibuti, Qvineya-Bissau, Mozambik, Mali, Mavritaniya, Niger, Somali və Toqoda ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir. AIDA-nın təşəbbüsü əsasında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri də sözügedən kampaniyaya cəlb olunmuşlar.

2018-ci ildən AFAB kampaniyasının ikinci mərhələsi başlamışdır. 2019-cu il ərzində Burkina Faso, Çad, Qəmər adaları, Qvineya-Bissau, Mali, Niger və Toqoda 20 mindən artıq insanın gözü müayinə edilmiş, 8 min insan göz əməliyyatları ilə təmin olunmuş, 26 yerli həkimə isə peşəkar təlim keçilmişdir. 2018-2022-ci illəri əhatə edən ikinci mərhələ ərzində 100 mindən artıq göz əməliyyatlarının həyata keçirilməsi, 1 milyon məktəblinin gözünün müayinə edilməsi və eynəklə təmin olunması, 90 yerli həkimin ixtisasartırma kurslarında iştirak etməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency - AIDA) 2011-ci ildə təsis edilmişdir. Agentliyin yaradılmasında məqsəd Azərbaycan Respublikası tərəfindən göstərilən beynəlxalq yardımların əlaqələndirilməsi və xarici ölkələr üçün humanitar və inkişafa yardım layihələrinin həyata keçirilməsidir.


Etiketlər:  nəşrində AIDA nın kampaniyası barədə məqalə dərc edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ