Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Akif Qurbanov: Karantin rejimində yumşalmalar baş verdikcə daha ciddi qorunma tədbirlərinə ehtiyac yaranır

Akif Qurbanov: Karantin rejimində yumşalmalar baş verdikcə daha ciddi qorunma tədbirlərinə ehtiyac yaranır

Tarix: 18 Sentyabr 2020 07:48

Nazirlər Kabineti yanında Operativ Qərargahın vaxtaşırı həyata keçirdiyi yumşalma tədbirləri nəticəsində məhdudiyyətlər aradan qaldırılır. Yumşalma tədbirləri nəticəsində ünsiyyət və təmas hallarının çoxalması yoluxmaların sayının artımına səbəb ola bilər.

Metropoliteninin fəaliyyətinin bərpa olunması, rayonlararası və şəhərlərarası gediş-gəlişin bərpasını virusun olmadığı və ya azaldığı kimi anlayanlar var. Bəzi vətəndaşlarda psixoloji olaraq arxayınlıq hissi yaranır. Əslində isə karantin rejimində yumşalmalar baş verdikcə daha ciddi qorunma tədbirlərinə ehtiyac yaranır. Pandemiya bitənə qədər qorunma tədbirlərindən istifadə edilməsi aktual olaraq qalacaqdır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov COVID-19-a qarşı aparılan mübarizə tədbirlərindən danışarkən deyib.

Komitə sədrinin dediyinə görə, son bir ayda pandemiya ilə mübarizədə çox ciddi uğurlar əldə olunub. Yoluxma statistikasında kəskin şəkildə azalma və stabillik yaranıb. Nazirlər Kabineti yanında Operativ Qərargah bunu nəzərə alaraq vaxtaşırı olaraq yumşalmalar barədə qərarlar verir. Lakin qaydalara əməl olunmaması yoluxma hallarının yenidən artmasına səbəb ola və bunun nəticəsində karantin rejiminin qaydalarının yenidən sərtləşdirilməsinə ehtiyac yarana bilər.

Hazırda dünyada da pandemiya ilə bağlı vəziyyət heç ürəkaçan deyil. Yoluxanların sayı 30 milyona, COVID-19-dan vəfat edənlərin sayı isə 1 milyona yaxınlaşır. Bir sıra məhdudiyyətləri aradan qaldıran Avropa ölkələrində yoluxmaların sayında yenidən artım müşahidə edilir və hətta bəzi ölkələrdə yenidən qadağaların tətbiq olunmasına başlanılıb. Hər kəs, hər bir sakin başa düşməlidir ki, qaydalara ciddi şəkildə əməl olunmaması yenidən sərtləşmə və məhdudiyyətlərin tətbiq olunmasına aparıb çıxara bilər. Hamı başa düşməlidir ki, karantin rejiminin sərtləşməsində kimisə günahlandırmaq əvəzinə sərt karantin rejiminin tətbiq olunmaması üçün çalışmaq lazımdır. Bunun üçün də təmaslardan qaçmaq və qoruyucu vasitələrdən istifadə hökmən vacibdir.

Hələ də elə vətəndaşlar var ki, yeni növ koronavirusun (COVID-19) ancaq paytaxtda olduğunu düşünür və onlara elə gəlir ki, Bakıdan çıxandan sonra virus yoxdur. Ona görə də qaydalara əməl etməyi unudurlar. Virus insan orqanizmində bir yerdən başqa yerə aparılır, infeksiya daşıyıcısı olan bir nəfərin kütləvi yerə düşməsi onlarla sağlam insanın yoluxması deməkdir. Həmin məkanlardan, istirahət yerlərindən ayrılandan 1-2 həftə sonra xəstəlik əlamətləri özünü göstərir. Bir nəfərin başqalarını, onların da digərlərini yoluxdurması həndəsi silsilə ilə artımla nəticələnir. Ona görə də hər kəs özünü, ailə üzvlərini və ətrafında olanları qorumalıdır. Dəfələrlə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına sayğı ilə, anlaşma ilə yanaşılması barədə xəbərdarlıq edilib, təkrar-təkrar deyilib. Qadağaların tətbiqinə dair qərarların verilməsi yalnız vətəndaşlardan və onların sosial məsuliyyətindən asılıdır. Müvafiq qurumların qərarları yoluxma sayına, yəni epidemioloji vəziyyətə əsaslanır. Görülən tədbirlər nəticəsində ölkəmizdə sanitar-epidemioloji vəziyyət ətraf ölkələrlə müqayisədə xeyli yaxşıdır. Yoluxma sayında stabilləşmə yaranıb. Vaksin hazır olana qədər belə davam etsə və peyvənd də səmərəli olsa, pandemiyanın öhdəsindən gəlmək mümkün olacaq.

"Uzun müddətdir qripə qarşı hansı vaksindən istifadə olunacağı müzakirə edilir və artıq ilkin təkliflər hazırlanıb. Soyuq aylarda digər respirator virus infeksiyaları da artacaq. Həmin xəstəliklə üzləşənlərdə COVID-19-a yoluxmanın baş verməsi xəstəliyin daha ağır keçməsi üçün zəmin yaradacaq. Ona görə də bütün dünyada bu il qrip əleyhinə vaksinasiyanı çox ciddi şəkildə həyata keçirmək nəzərdə tutulub. Payız-qış mövsümündə başlıca məqsəd mövsümi qripdən qorunmaq və koronavirusa yoluxduqda ağırlaşma halının qarşısını almaqdan ibarət olacaq. Ona görə də iki infeksiyanın birlikdə rast gəlinib daha ağır nəticələrə səbəb olmaması üçün çalışmaq lazımdır. Yaxın günlərdə respublikaya dördvalentli qrip vaksinləri gətiriləcək. Dördvalentli həmin vaksinin tərkibində qrip törədicisinin ən geniş yayılmış dörd ştamı var, heç bir yan təsiri və fəsadı yoxdur. Vaksinasiya edilənlər qrip xəstəliyi ilə üzləşməyəcək. İlk növbədə risk qrupuna daxil olanların, yəni qrip, o cümlədən COVID-19-u çox ağır keçirənlərin vaksinasiyası nəzərdə tutulur. Həmin qrupa yaşı 65-dən yuxarı olanlar, xroniki, ağciyər, ürək-damar, onkoloji xəstəlikləri olanlar, şəkərli diabetdən əziyyət çəkənlər aiddir. Risk qruplarında olanlar arasında iki infeksiyanın birlikdə rast gəlinməsinin qarşısı alınsa, səmərəli nəticələr gözləməyə dəyər. Uzun illərdən bəri istifadə olunan qrip vaksini çox az yan təsirə malikdir, ondan ehtiyatlanmaq lazım deyil. Aparılan müzakirələr nəticəsində inaktivləşdirilmiş, yəni öldürülmüş vaksinlərin alınması qərara alınıb. Həmin vaksinlərin içərisində heç bir canlı törədici, virus yoxdur. Məqsəd vaksinasiya olunmuş orqanizmdə həmin viruslara qarşı immunitet əmələ gətirməkdən ibarətdir. Oktyabrın axırlarından başlayaraq həmin məsələlərin öz həllini tapması üçün tədbirlər görüləcək.

Onu da qeyd edim ki, koronavirusa qarşı da vaksin var, lakin ondan necə istifadə olunması və kimlərə tətbiq edilməsi üzərində müzakirələr aparılır. Hazırda dünyada yüzlərlə vaksin hazırlanıb və onların yalnız bir neçəsi klinik sınaqlardan keçirilərək hazırlıq mərhələsindədir. Lakin tətbiq olunan vaksin effektli olmalı, yan təsirləri və fəsadları az olmalıdır. Vaksin ilk növbədə risk qrupundan olanlar üçün nəzərdə tutulur. Həmin qrupa vətəndaşlarla və xəstələrlə daha çox təmasda olanlar da aiddir. Sonrakı mərhələdə isə əhalinin müəyyən qismi vaksinasiya ediləcək. Məsələn, deyək ki, peyvənd tətbiq olunana qədər əhalinin 20-30 faizi bu xəstəliyi keçirmiş olacaq, onların 20-30 faizi də vaksinasiya edilsə, yekun nəticədə vətəndaşların 60 faizində immunitet yaranmış olar. Bu, pandemiyanın xeyli dərəcədə sönməsinə kifayət edər.

Hazırda TƏBİB tərəfindən seroloji testlər aparılır. Proqnostik mahiyyət daşıyan həmin testlər nəticəsində vətəndaşlar könüllü olaraq qan verir və qanvermədən sonra aparılan təhlil nəticəsində onun xəstəliyi keçirib-keçirməməsi müəyyən edilir. Aparılan həmin tədbir nəticəsində əhali arasında immunitetin səviyyəsi öyrənilir. Tam dəqiqləşməmiş ilkin məlumata görə, vətəndaşların təxminən 20 faizinin qan zərdabında anticisimlər formalaşıb. Seroloji testlər hələ başa çatmayıb, yekun nəticədə həmin rəqəmlərin 30-40 faizə yaxınlaşmaq ehtimalı var. Əlamətlərlə xəstəxanada, evdə müalicə olunanlarla yanaşı, xəstəliyi simptomsuz keçirənlər də az deyil. Aparılan həmin testlər nəticəsində xəstəlik keçirilməsi nəticəsində əhalinin neçə faizində anticisimlərin yarandığını və neçə faizində vaksinasiya hesabına immunitet formalaşdığını öyrənmək mümkün olacaq. Yekun nəticədə təxminən əhalinin 60-70 faizində immunitet yarandığı aşkar edilsə, o zaman virusun həmin populyasiyadan uzaqlaşacağını demək olar. Lakin koronavirus hər zaman həyatımızda qalacaq, az sayda yoluxmalar olsa da, narahatlıq doğurmayacaq. Ən əsas məsələ pandemiyadan qurtulmaq və xilas olmaqdır. Hazırda dünyanın müxtəlif ölkələrində vaksinlərin vaxtında hazırlanması üçün ciddi tədbirlər görülür", - deyə A.Qurbanov qeyd edib.


Etiketlər:  Akif Qurbanov Karantin rejimində yumşalmalar baş verdikcə daha ciddi qorunma tədbirlərinə ehtiyac yaranır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ