Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDI

Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDI

Tarix: 21 Sentyabr 2020 12:00

COVİD-19 dünya, eləcə də Azərbaycan iqtisadiyyatını böyük sınaq qarşısında qoydu. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələri belə bu gün COVİD-in zərərlərini yığıb-yığışdıra bilmirlər. İkinci dalğa ilə üz-üzə olan Avropadan fərqli olaraq Azərbaycan iqtisadiyyatının daha az zərərlə xilas olması üçün variantlar gözdən keçirilir.

Karantin rejiminin tətbiq olunması iqtisadiyyatın müxtəlif sektorlarına, eləcə də ticarət şəbəkələrinin iş rejiminə böyük təsir göstərdi, ölkəmizdə iri ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırıldı. Belə vəziyyətdə bir çıxış yolu qalır.

İqtisadçı-ekspert Elmir Səfərli Sonxeber.net-a açıqlamasında pandemiyanın iqtisadiyyata zərərlərini azaltmaq üçün həmin çıxış yolundan danışıb:

"Aydındır ki, qloballaşma erasında informasiya texnologiyaları ölkələrin iqtisadiyyatına da keçid edib. İnformasiya texnologiyalarının inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat ve kiberbiznesin yaradılmasını məcburi hala gətirib. Azərbaycan daxil, bütün ölkələr artıq bu istiqamətdə ciddi addımlar atır və kiberbizneslərin, kiberiqtisadiyyatın yaradılması üçün zəruri fundamental strategiyalar ortaya qoyur. Fevral ayından başlayan ağır pandemiya şərtləri fiziki olaraq bir çox bizneslərin fəaliyyətini dondurdu. Bu baxımdan informasiya texnologiyalarından istifadə edilərək yaradılan biznes həllər aktuallaşmağa başladı. Məsələn, bir çox ticarət obyektləri fiziki olaraq fəaliyyət göstərə bilmədiyi üçün onlayn tətbiqlərini yaratmağa başladı. Və insanların bu xidmətlərdən istifadə sayı artırıldı.

Alış-veriş mərkəzləri, geyim mağazaları, restoranlar, hətta apteklər belə onlayn tətbiqlər vasitəsilə fəaliyyətini durdurmadan sürdürmə imkanı qazandı. Ümumiyyətlə, onlayn tətbiqlər vasitəsilə fəaliyyətin bir çox müsbət tərəfləri mövcuddur. İlkin olaraq, ticarət obyektləri ilə yanaşı daşıma xidməti göstərən şirkətlər, müxtəlif texnologiyalar şirkətləri və digər əlaqəli fiziki və hüquqi şəxslər də fəaliyyət göstərirlər. Bu isə müəyyən qədər də olsa pandemiya dövründə onlayn iqtisadiyyatın formalaşması deməkdir. Digər tərəfdən müəyyən müddət sonra insanlar onlayn alış-veriş xidmətlərinə daha çox üz tutacağı üçün bu proses sürətləndi. Məsələn, 15 il əvvəl insanlar kommunal xərcləri bankla və ya poçtla ödəyirdilərsə, indi, demək olar, əhalinin əksəriyyəti kommunal xərcləri onlayn tətbiqlər vasitəsilə ödəyir. Ticarət də belədir. İstər qida, istər geyim, istərsə də digər alış-veriş sahələri üzrə onlayn proqramlar və tətbiqlərin formalaşması gələcəkdə hər kəsin rahat bir şəkildə, heç bir yerə getmədən alış-veriş etməsini zəruri hala gətirəcəkdir. 

Təbii ki, burada diqqət olunacaq xüsusi məqamlar mövcuddur. Belə ki, bu tip onlayn tətbiqlərin həyata keçirilməsi üçün dövlət tərəfindən xüsusi olaraq informasiya texnologiyaları sahəsində güclü fundamental baza formalaşmalıdır. Eləcə də, onlayn alış-verişin aparılması, onlayn ödəmələrin  həyata keçirilməsi üçün onlayn bank sistemlərinin fəaliyyəti artırılmalıdır. Digər tərəfdən, onlayn fəaliyyət göstərən yeni startaplara dövlət tərəfindən xüsusi güzəştli kreditlər və ya investisiyalar ayrılmalı, müəyyən vergi və s. ödəmələrdə xüsusi güzəştlər tətbiq edilməlidir".

Təhməz Əsədov


Etiketlər:  Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu Ekspert DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ