Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2020 22:28
Sonxeber.net kulis.az-a istinadən aktyor Kamil Məhərrəmov haqqında maraqlı faktları təqdim edir.
Kamil Fərman oğlu Məhərrəmov 1941-ci il mayın 9-da Şamaxıda dünyaya gəlib. Ailədə üç uşaq olublar - iki qardaş, bir bacı. Kamilin atası Şamaxıda məşhur dərzilərdən biri olub. Ancaq ailənin bütün qazancı gözlərini açandan xəstə yatağında gördükləri analarının müalicəsinə gedirdi. Bu səbəbdən də Kamil hələ balaca ikən ailə Bakıya köçür.
Bakıda böyüyür, yeniyetməlik yaşına çatır. Uşaqlıqdan sevdiyi işlə məşğul olmaq üçün Lütfi Məmmədbəyovun teatr dərnəyinə yazılır. Hər gün dərsdən çıxıb dərnəyə gedir. Bu uşağın hədsiz marağı Lütfi Məmmədbəyovun diqqətini çəkir, onun istedadlı olduğunu hiss edir. Məsləhət görür ki, hökmən aktyor olsun. Kamil isə ailəsinə kömək etmək üçün tezliklə bir sənətə yiyələnib işləmək üçün Energetika Texnikumuna qəbul olunur.
***
Lakin günlərin birində sənədlərini hazırlayıb İncəsənət İnstitutuna verir. İmtahanlardan uğurla keçir və qəbul olunur. Ailədə bu sənətlə məşğul olan bir kimsə yox idi. Qardaşı neft sahəsi üzrə elmlər namizədi oldu, bacısı isə tibb bacısı.
Kamil Məhərrəmov institutu bitirən il Sumqayıtda Teatr fəaliyyətə başlayır. Onları bütün heyətlə Sumqayıt teatrına göndərirlər. Bundan sonranı xanımı danışacaq. Mahirə xanım müəllimədir. Kamil Məhərrəmovla hələ uşaqkən tanış olub.
***
O zaman Mahirə 11-ci sinifdə oxuyurdu. Kamilgilin eyvanı Mahirənin oxuduğu məktəbə baxırdı. Hər gün zəng vurulanda Kamil məktəbə gedib sevdiyi qıza göz qoyur. Bir-birini sevərək ailə qururlar və Sumqayıtda yaşamağa başlayırlar. Bu evlilik və Bakıdan Sumqayıta köçmə Kamili Bakıdakı içki məclislərindən də müvəqqəti olaraq xilas edir.
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 46 bədii filmə çəkilib. Üstəgəl "Mozalan" süjetləri. Bir kadr hamıya yaxşı tanışdır: Kamil Məhərrəmov uzunqulağın belində, radio qucağında xarici musiqi dinləyə-dinləyə gedir.
***
Fazil Salayev, Məmmədsadıq Nuriyev, Ağahüseyn Cavadov... Kamil Məhərrəmov onlarla eyni məktəbin yetirməsidir. "Yol əhvalatı"ndakı Paşa, "Evlənmək istəyirəm"dəki Lal Hüseyn kimi xırda, amma xarakterik obrazları çox gözəl oynayıb. Lakin heç bir fəxri adı olmayıb.
Teatrda Kamil Məhərrəmovun yaxşı rolları olur, kinoya da çəkilir. İki övladı vardı. Tezliklə onlara Sumqayıtda ev də verdilər. Amma nədənsə Kamil Məhərrəmov aludə olduğu içkidən ayrıla bilmir. Xanımı danışır ki, nə vaxt onu ayrılmaqla qorxudurdum, bir həftə içmirdi, sonra yenidən başlayırdı.
***
Rejissor Cahangir Mehdiyevin iki filmində xarakterik obrazlar yaradıb. Cahangir müəllim deyir ki, çox gözəl aktyor idi, amma içməyinin dərdindən oynamalı olduğu rollar əlindən çıxırdı: "Mən onu çəkilişlərdən əvvəl bir neçə dəfə qaçmağa məcbur etmişəm ki, ayılsın, qaçıb, ləhləyə-ləhləyə üzümə baxıb, görmüşəm, özünə gəlib, kadrı çəkmişəm".
Kinostudiyada hər gün çəkilişdə, dublyajda olurdu. Orda aldığını elə yerindəcə içkiyə verib "dostları" ilə bir küncə çəkilir, içir, sonra da rejissorun qəzəbinə tuş gəlib qovulurdu. Bu vaxta qədər xəstə ana da dünyasını dəyişmişdi, ata da. Qardaşı ilə bacısı isə onu nə qədər dilə tuturdularsa xeyri olmurdu.
***
Mahirə xanım müsahibələrinin birində deyir: "Etiraf edim ki, bəzən qapını üzünə açmırdım ki, bəlkə bundan bir dərs götürə, özünə gələ, ata içkini. Heç nəyin xeyri olmadı. Qapını ona açmayıb səhərə qədər yatağımda ağladığım vaxtlar olub. Onunla birgə Sumqayıt Teatrına gələnlərin hamısı fəxri ad almışdılar, ona vermirdilər. Kinoya da çəkilirdi, qonorarından razı qalmırdı".
Teatrda da rejissorlar artıq ona rol vermək istəmirdilər. Bəzən premyeraya içkili gəlib tamaşanı məhv edirdi. Aktyor həmkarları deyirlər, birdən üz-gözünü təraş edirdi, yuyunurdu, ayıq başla gəlirdi işinin başına. Həmkarları deyirdi, həmişə belə olsan nə olar? Heç nə demirdi. Səhər görürdün yenə tökülüb-itir.
***
Bir gün yenə o qədər içir ki, ayaq üstdə dura bilmir. Səhər evdən çıxanda da xanımı "içsən, evə gəlmə" - deyir. 1993-cü ilin soyuq oktyabrı idi. Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Bəlkə, qəsdən oyanmayıb. Sürücü də avtobusun qapısını açıq qoyub çıxır gedir evinə ki, nə vaxt oyansa çıxa bilsin. Səhər gəlib görürlər, üzü üstə necə yatmışdısa, elə də oturacaqda quruyub qalıb.