Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 15:33
Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dəyişməz və qəti mövqeyini bir daha ortaya qoydu. Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Prezident sərt və kəskin şəkildə Paşinyan hakimiyyətinin iç üzünü bir daha ifşa etdi, Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı:
"Dövlət başçısı Ermənistanın Azərbaycana qarşı ardıcıl olaraq apardığı təxribatların əsas səbəblərini də iclas iştirakçılarının diqqətinə çatdırdı. Çevrilişlə hakimiyyətə gələndən bir ay sonra Azərbaycan ordusunun uğurlu Günnüt əməliyyatından sarsılmış Paşinyan hakimiyyəti iyulda hər qisas almaq üçün məhz Tovuz istiqamətində təxribat törətdi. Erməni silahlı qüvvələri sərhəd boyunca mülki əhalini qəsdən hədəfə aldı. Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu.
Lakin ermənilər bu dəfə də şanlı ordumuz tərəfindən layiqincə yerinə oturduldu. Ancaq bu tək Tovuz təxribatı deyil, işğal olunmuş ərazilərdə "prezident seçkiləri", "parlament seçkiləri", "andiçmə mərasimi" keçirməsi, Paşinyanın arvadı Anna Akopyanın işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlərə qatılması, Ermənistanın ölkəmizə qarşı növbəti təxribatlar hazırlamasından xəbər verir".
Deputat vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı işğal siyasəti, təxribatlarlar və yeni müharibə hazırlıqları ilə kifayətlənmir: "Bu gün eyni zamanda Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür, gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Hətta bununla bağlı Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması həyata keçirilir.
Bütün bunlar onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları kobud şəkildə pozur və status-kvonu saxlamaq məqsədi güdür. Lakin Ermənistan unutmamalıdır ki, Azərbaycan bir qarış da torpağının erməni işğalı altında qalmasına razı olmayacaq. Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır. Eyni zamanda Azərbaycanın qüdrətli ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan ordusunun gücünü və döyüş əzmini, xalqımızın vətənpərvərlik ruhunu, Ermənistanın isə zəifliyini və acizliyini ortaya qoydu".