Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 17:03
Ermənistan Moskva bəyanatından sonra yenə də Azərbaycanın yaşayış məntəqələrini, infrastruktur obyektlərini hədəf alır. Bu, qəbuledilməzdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Ermənistan yenidən qoşun toplayaraq Azərbaycana qarşı hücumlara keçir: "Ermənistan münaqişəni getdikcə daha da gərginləşdirir. Artıq bu gün də Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində infrastruktura ciddi ziyan dəyib, həlak olan və yaralananlar var. Ermənistan Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam edir. Azərbaycan bütün bunların qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətində qalır".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə hazırdır: "Ancaq görünən odur ki, Ermənistan Moskva danışıqlarını pozaraq münaqişəni gərginləşdirir. Moskva Bəyannaməsində qeyd olunub ki, münaqişə sülh yolu ilə baza prinsipləri əsasında həll edilməlidir. Ermənistan bu şərtlərin heç birinə əməl etmir, təxribatlarını davam etdirir".