Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 21:33
İndi Azərbaycan bölgədə o cümlədən Sorosla mübarizə aparır. Əslində mən Soros deyəndə, təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır. Bu, dağıdıcı, yırtıcı, müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o fotoşəklinə baxın, necə eybəcər fotoşəkildir. O, internetdə var. Durublar, bədənləri də yapışıb bir-birinə. Yəni, utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də üzündə təbəssüm. Bu şəkil faktiki olaraq Paşinyanın kim olduğunu göstərir. Çünki Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan əslində hər zaman anti-Rusiya mövqeyində olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı deyib: "Onun partiyasının adı ermənicə "Yolka"dır. Onu tərcümə etsək "Çıxış" deməkdir. Haradan çıxış? Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi, anti-Rusiya mövqeyində idi. Ona görə mən təəccüb edirəm ki, bu günə qədər Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar. Axı o, ruspərəst qüvvələrə qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə atdı, ruspərəst ana müxalifət partiyasının sədrini həbsə atdı. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın "Qazprom" şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, - hansı ki, NATO tipli bir təşkilatdır, - erməni əsilli sədrini həbsə atdı. Yəni bu, Sorosun sözü ilə oturub-duran bir adamdır. Bir də ki, onun komandasına baxın, onların hamısı Soros Fondunun, Açıq Cəmiyyət Təşkilatının, "Amnesty International"ın nümayəndələridir. Yəni, Soros Ermənistanda hakimiyyətə gəldi, amma iflasa uğradı".