Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2020 11:51
İndi Ermənistanı ötən əsrin sonlarındakı rəhbərlik idarə etməsə də sentyabrın 27-dən başlayan döyüşlərdən sonra rəsmi İrəvanın faşist, terrorçu mahiyyətinin dəyişmədiyinin tez-tez şahidi olmağa başlamışıq. Üzərindən 28 ildən çox vaxt keçib. 1992-ci ildə törədilən Xocalı soyqrımı dünən sadəcə ad dəyişdi. Bərdədə mülki əhalinin, sivil insanların qətliamı Ermənistanın son bir ayda ilk cinayəti deyildi. Sadəcə digərlərindən daha böyük terror hadisəsi idi. Mülki əhalinin sıx yaşadığı, hərbi obyektlərin olmadığı şəhər və rayonlarımızın hədəf seçilməsi Ermənistanı kimin idarə etməsindən asılı olmayaraq düşmənçilik prinsiplərinin mahiyyətini ortaya qoyur.
Əsrlər boyu dinc azərbaycanlıları doğma-yurd yuvalarından törətdikləri soyqırımlar, qətliamlar, cinayətlər yolu ilə didərgin salan düşmən, Azərbaycan adlı məmləkəti regiondan silmək planlarını bu gün də gizlədə bilmirlər. Lakin Azərbaycan Ordusunun gücünə real qiymət verməyən, Azərbaycan xalqının qisas hissinə bələd olmayan Ermənistan odla oynadığının fərqində olmamaqla yanaşı, başlarını bəlaya soxduqlarından da xəbərsizdilər.
Zaman o zaman deyil
Özləri barədə dünya mediasında mif formalaşdıran ermənilərin bu uydurmalarına elə ən çox da özləri inanıbmış. Belə olmasaydı artıq bir aydan çoxdur davam edən II Qarabağ savaşında minlərlə canlı qüvvəsini, texnikasını itirməklə yanaşı işğalda saxladıqları torpaqlardan da olan Ermənistan rəhbərliyi hələ də sərsəm bəyanatlar verməkdə davam etməzdi.
Paşinyan haylara son müraciətlərindən birində dediyi "Artsaxsız Ermənistan yoxdur. Bu o deməkdir ki, bacaran hər kəs əlinə silah alıb Artsax üçün mübarizə aparmalıdır! Cəmi 2 seçimimiz var, qələbə ya da məğlubiyyət. Başqa seçim yoxdur" sözləri düşmənin məğlubiyyəti qəbul edə bilmədiklərini sübut edir. Ermənistan dünyanın gözü qarşısında öz qazdığı quyuya düşür. Baxmayaraq ki, dünya özü üçün ən böyük təhlükə olan Ermənistana gözün üstə qaşın var demir, necə ki, bunu düşmən iki dəfə Gəncəyə ballistik raket atıb uşaq-böyük demədən qətlə yetirəndə, Tərtəri xarabalığa çevirəndə, Bərdə şəhərində mülki obyektləri hədəf alıb onlarla insanı öldürəndə susdu. Baxmayaraq ki, Dağlıq Qarabağ probleminin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən olan ABŞ və Rusiyanın Ermənistana təzyiq göstərəcək mexanizmləri çoxdur.
Mülki insanları raket zərbələri ilə qətlə yetirməklə Azərbaycan xalqının Vətən Müharibəsindən geri çəkiləcəyini düşünən paşinyanların planları ürəklərində qaldı. Xalqı daha da qisas hissi ilə qarşılarında görən Ermənistan hər şeyi mismar görən çəkicə bənzəyir. Amma Azərbaycan höküməti düşmənin təxribatlarına böyük səbr göstərərək qisası döyüş meydanında almaqla yanaşı Azərbaycana dil uzadanların dilini kəsməkdədir.
İşğal edilmiş Azərbaycan ərazilərindən 30 il müddətində qoşunlarının çıxarılması üçün bu zamana kimi Ermənistana heç bir təzyiq etməyən bəzi nəhəng dövlətlər və beynəlxalq qurumların Azərbaycandan haqlı savaşını dayandırmaq üçün etdikləri cəhdlər heç bir nəticə verməyəcək. Bunu hər çıxışında Ali Baş Komandan xüsusilə diqqətə çatdırır. 50 milyonluq Azərbaycan xalqının bu gün bir yumruq kimi ətrafında birləşdiyini hiss edən cənab Prezident ərazi bütövlüyümüzü bərpa etmək üçün bundan yaxşı fürsətin bəlkə də ələ düşməyəcəyini yaxşı anlayır. Prezident Azərbaycanı doğma torpaqlarını geri qaytarmaq üçün əks-hücum əməliyyatlarına görə qınayanların Rusiyanın İnterfaks agentliyinə müsahibəsində cavabını bir daha verdi: Əgər kimsə ermənilər üçün ikinci dövlət yaratmaq istəyirsə, qoy, öz ərazisinin bir hissəsində yaratsın!
Təhməz Əsədov