Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbrayıl sakini: Doğma kəndimizə 27 ildir qoruyub saxladığım avtomobillə qayıdacağam - VİDEO - FOTO

Cəbrayıl sakini: Doğma kəndimizə 27 ildir qoruyub saxladığım avtomobillə qayıdacağam - VİDEO - FOTO

Tarix: 30 Oktyabr 2020 22:56

Cəbrayılın 1993-cü ilin avqustunda erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi nəticəsində məcburi köçkün həyatı yaşayan rayon sakinləri ölkəmizin müxtəlif yerlərində, əsasən də Biləsuvarda məskunlaşıblar. Onların arasında Şahvəlli kəndinin sakinləri də var. Ötən illər ərzində doğma yurdlarına qayıtmaq ümidi və inamını itirməyən sakinlərin aruzları artıq gerçəkləşib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Şanlı Azərbaycan Ordusu tərəfindən başlanan zəfər yürüşü zamanı azad edilən Cəbrayılın kəndlərindən biri də Şahvəllidir. Uzun illərdir ki, Biləsuvar rayonu ərazisində yerləşən qəsəbədə yaşayan Şahvəlli sakinləri doğma kəndlərinə qayıtmağa hazırlaşırlar.

Şahvəlli kənd sakini Təbriz Həsənov 27 il öncə erməni faşistlərindən xilas olmaq üçün kənddən çıxarkən gəldikləri avtomobillə indi ata-baba yurduna qayıtmağı planlaşdırır: "Ailəmlə birlikdə bu maşınla gəlmişəm, onunla da qayıdacağıq. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qüdrəti sayəsində arzularımız gerçək olub".

Cəbrayılı xatırlayan Təbriz kişinin gözləri dolur. "O yerlərdə gözəl günlərimiz olub, ermənilərə çox xeyirxahlıq etmişik. Çünki biz insanlıq vəzifəmizi yerinə yetirmişik. Lakin çörəyimizi böldüyümüz, əlindən tutduğumuz ermənilər bizə qarşı naxələf çıxdı, başımıza müsibətlər gətirdilər... İndi ordumuz qarşısında aciz qalan ermənilər dinc əhaliyə qarşı terror törədir. Bu vandallıq onların xislətində var. Gəncəni və digər şəhərlərimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirirlər. Lakin ordumuz onlara cəbhədə cavab verir və qisas alınır", - deyə o vurğulayıb.

Şanlı ordumuzun torpaqlarımızı qarış-qarış azad etdiyini bildirən həmsöhbətimiz deyib ki, Şahvəllinin azad edildiyini eşidəndə sevincinin həddi-hüdudu olmayıb: "İndi öz doğma torpaqlarımıza qayıtmağı, oranın havasını udub, suyunu içməyi səbirsizliklə gözləyirik. İnanırıq ki, bütün torpaqlarımız işğaldan azad olunacaq".

Şahvəlli kənd sakini Məhiyəddin Lətifov da sevinc hisslərini bizimlə bölüşüb. "Kəndimizin azad edilməsi bizim üçün ən böyük hədiyyədir. Sağ olsun Ali Baş Komandanımız. Allah ordumuza güc versin ki, torpaqlarımız qısa müddətdə azad edilsin. İndi gözləyirik ki, doğma torpağımıza qayıdaq. 27 ildir həsrətini çəkirik, ata-babalarımızın məzarı orada qalıb. Həmin yerlərə qayıtmağı, orada firavan həyatımıza davam etməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.


Etiketlər:  Cəbrayıl sakini Doğma kəndimizə ildir qoruyub saxladığım avtomobillə qayıdacağam VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ