Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident Kitabxanasının “Azərbaycan diplomatiyası” adlı elektron resursu istifadəçilərə təqdim edilib

Prezident Kitabxanasının “Azərbaycan diplomatiyası” adlı elektron resursu istifadəçilərə təqdim edilib

Tarix: 5 Iyul 2019 12:00

Bakı. Samir Əli - Trend:

Azərbaycan diplomatiyasının keçdiyi keşməkeşli tarixi yolu işıqlandırmaq və təbliğ etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, elektron resursun təqdimat mərasiminin diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ərəfəsində təqdim edilməsinin xüsusi əhəmiyyət var. Məhz 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi tarixi əsas tutularaq, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə hər il iyul ayının 9-u diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.

Dövlətçilik ənənələrmizin, onun ayrı-ayrı parlaq səhifələrinin, dövlət rəmzlərinin və atributlarının, dövlətçilik tariximizin xüsusi səhifəsi olan diplomatiya tarixinin öyrənilməsinin və təbliğinin əhəmiyyəti böyükdür. M.Əhmədov elektron resursun strukturu haqqında məlumat verərək qeyd edib ki, resurs 6 fəsi və 19 bölmədən ibarətdir. “Ümumi məlumat” adlanan birinci fəsildə qədim dövrlərdən etibarən günümüzədək Azərbaycan diplomatiyasının keçdiyi tarixi yol işıqlandırılır. Həmin fəsildə xüsusən Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətlərinin diplomatik əlaqələri barədə yığcam məlumat verilir. Səfəvilər dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşarın hakimiyyəti dövründə Azərbaycan diplomatiyası tarixinə parlaq səhifələr yazıldığı, xanlıqlar dövründə də dövlətçilik ənənələri ayrı-ayrı xanlıqların timsalında qorunub saxlanıldığı vurğulanır. Bu fəsildə diplomatiya tariximizin sonrakı mərhələləri barədə də qısa məlumat verilir, əsasən müstəqillik dövründə Azərbaycanın diplomatik əlaqələrinin qurulması, diplomatik korpusun formalaşdırlıması, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, xarici siyasətlə bağlı qanunvericilik bazasının yaradılması haqqında statistik məlumatlar öz əksini tapır.

Elektron resursun növbəti fəsli “Diplomatiya tarixi” adlanır. Bu fəsil 6 bölmədən ibarətdir. “Azərbaycan Xalq Cümhuriyyəti dövrü” adlanan birinci bölmədə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən yeritdiyi xarici siyasətin mühüm istiqamətləri, xarici işlər nazirliyinin fəaliyyəti, diplomatik korpusun formalaşdırılması, dövlət müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınması istiqamətində Paris sülh konfransına ezam edilən diplomatik heyətin fəaliyyəti, xarici dövlətlərdə diplomatik nümayəndəliklərin açılması, digər dövlətlərdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, Ermənistanın hərbi təcavüzünə qarşı həyata keçirilən xarici siyasət barədə ətraflı məlumat verilir. Bu bölmədə həmçinin Xalq Cümhuriyyəti dövrünün 85 diplomatı haqqında qısa məlumat öz əksini tapıb.

Bu fəslin “Sovetlər dövrü” adlanan bölməsində 1920-1922-ci illərdə sovet Azərbaycanında Xarici İşlər Komissarlığının yaranması, onun fəaliyyətinin getdikcə məhdudlaşdırılması, nəticədə Moskvanın tam nəzarətinə keçməsi və Komissarlığın ləğvi barədə məlumat verilir. Yalnız İkinci Dünya müharibəsinin gedişində Azərbaycan məsələsinin yenidən beynəlxalq müzakirələrin obyektinə çevrilməsi nəticəsində 1944-cü ilin martında Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı bərpa edilmişdi. SSRİ-nin süqutunadək Azərbaycan SSR Xarici İşlər Nazirliyi fəaliyyət göstərmişdir. Ötən əsrin 70-80-ci illərində Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, elmi-texniki və b. əlaqələrinin coğrafiyası daha da genişlənmişdi.

Elektron resursun “Müstəqillik dövrü” adlanan bölməsində Azərbaycanın beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi, Xarici İşlər Nazirliyinin fəaliyyətinin təşkili haqqında lazımı sənədlərin qəbul edilməsi haqqında məlumat verilir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurması xüsusilə qeyd edilir. Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələrinin qurulduğu, 59 ölkədə səfirliyinin, 9 şəhərdə baş konsulluğunun, 17 ölkədə fəxri konsulluğunun, 19 beynəlxalq təşkilat yanında nümayəndəliyinin, eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyinin və 3 ölkənin 4 baş konsulluğunun, 13 ölkənin fəxri konsulluğunun, 21 beynəlxalq təşkilatın nümayəndəliyinin fəaliyyət göstərdiyi barədə məlumat verilir. Hazırda ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın xarici siyasət kursunu həyata keçirən 1000-ə yaşın peşəkar diplomat korpusu fəaliyyət göstərir. Bu gün diplomatik korpusumuzun kadr təminatı əsasən ADA Universitetinin yetişdirdiyi hazırlıqlı mütəxəssislər hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə indiyədək 150-dən artıq diplomata fövqəladə və səlahiyyətli səfir və elçi rütbəsi verilib. Azərbaycan xarici siyasətinin başlıca prioritetləri yarımbaşlıqlar şəklində bu bölmədə öz əksini tapıb.

Həmin fəslin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan bölməsində münaqişənin qısa tarixi şərhi və danışıqlar prosesi barəsində geniş analitik mətn yerləşdirilib. Bu bölmədə həmçinin münaqişə barəsində beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin mətnləri öz əksini tapır.

Bu fəslin daha bir bölməsi “Xarici işlər nazirləri” adlanır. Bölmədə Xalq Cümhuriyyəti, sovetlər dövrü və müstəqillik dövründə xarici işlər naziri vəzifəsində işləyən 15 şəxs haqqında geniş bioqrafik məlumat verilir.

Elektron resursun “Sənədlər” adlanan bölməsində isə Cümhuriyyət dövründən etibarən Azərbaycan diplomatiyası barəsində mühüm sənədlərin mətnləri öz əksini tapır.

“Diplomatik əlaqələr” adlaman üçüncü fəsildə Azərbaycanın diplomatik əlaqələr qurduğu dövlətlərin adları və əlaqələrin qurulması tarixi, xarici dövlətlərin Azərbaycandakı təmsilçilikləri və nümayəndəlikləri, baş konsulluqları, fəxri konsulluqları, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, baş konsulluqları, fəxri konsulluqları və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlikləri və onların ünvanları haqqında məlumatlar cədvəllər şəklində yerləşdirilir.

Elektron resursun “Konvensiyalar” adlanan fəslində Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərinə, beynəlxalq münasibətlərin ayrı-ayrı sahələrinə, mülki və siyasi hüquqlara, insan hüquqlarının və əsas azadlıqların müdafiəsinə, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılmasına dair, transmilli mütəşəkkil cinayətkarlığa qarşı və s. imzalanmış 300-ə yaxın konvensiyanın tam mətni öz əksini tapır.

Resursun digər fəsli “E-Resurslar” adlanır. “E-kitablar” bölməsində Azərbaycanın xarici siyasətinə və diplomatiyasına, beynəlxalq təşkilatlarla münasibətlərinə, qloballaşmaya dair, həmçinin görkəmli azərbaycanlı diplomatlar haqqında Azərbaycan və rus dillərində olan 150-yə yaxın kitabın elektron versiyaları təqdim edilir. “E-Məqalələr” bölməsində isə qəzet və jurnallarda dərc edilən Azərbaycan dilində 550-yə yaxın məqalənin elektron versiyalarının mətnləri öz əksini tapır.

Elektron resursun sonuncu “Biblioqrafiya” fəslində Prezident Kitabxanasının fondunda olan xarici siyasət, beynəlxalq münasibətlər və diplomatiyaya dair 650-yə yaxın kitabın, 15 minə yaxın məqalənin və 375 avtoreferatın biblioqrafiyası toplanılıb.

Toplanılan materialların təhlili göstərir ki, 1993-cü ilin iyun ayından 2019-cu ilin iyun ayınadək 26 il ərzində xarici siyasətlə bağlı Azərbaycan Respublikasının 1365 Qanunu, Azərbaycan Respublikası Prezidentinin 443 Fərmanı və 2413 Sərəncamı imzalanıb.

M.Əhmədov qeyd edib ki, Prezident Kitabxanasının digər elektron resurslarında da xarici siyasət fəaliyyətinə və diplomatiyaya dair zəngin material toplanıb. Ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən xarici siyasət fəaliyyətinə dair materiallar http://heydaraliyev.preslib.az Elektron sənədlər toplusunda, Prezident İlham Əliyevin 2003-2019-cu illəri əhatə edən xarici siyasət fəaliyyətinə dair materiallar http://foreignpol.preslib.az elektron nəşrində, Azərbaycanın UNESCO ilə əlaqələri, xüsusilə Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti haqqında materiallar http://mehribanaliyeva.preslib.az və http://unesco.preslib.az elektron resurslarında, İslam ölkələri ilə diplomatik əlaqələr haqqında materiallar isə Kitabxananın http://islamworld.preslib.az elektron resursunda əks etdirilir. Müasir Azərbaycan diplomatiyasının ən önəmli istiqaməti olan Dağlıq Qarabağ münaqişəsi haqqında Prezident Kitabxanasının “Odlar yurdu Azərbaycan” ensiklopedik elektron nəşrinin “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” fəslində (http://files.preslib.az/projects/azerbaijan/gl8.pdf) zəngin material toplanılıb.

Kitabxananın direktoru istifadəçilərə təqdim edilən elektron resursun maarifçilik xarakteri daşıdığını, xüsusən Azərbaycanın xarici siyasəti və diplomatiya tarixi sahəsində tədqiqat aparan şəxslər və KİV-lər üçün zəngin informasiya mənbəyi olduğunu vurğulayıb.

http://azdiplomacy.preslib.az domenində yerləşdirilən “Azərbaycan diplomatiyası” elektron resursu mütəmadi olaraq yenilənir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident Kitabxanasının Azərbaycan diplomatiyası adlı elektron resursu istifadəçilərə təqdim edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ