Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistanın sonuna az qalıb - Qərb özünə gün ağlasın

Ermənistanın sonuna az qalıb - Qərb özünə gün ağlasın

Tarix: 3 Noyabr 2020 12:24

İllərdir dünyaya Ermənistanın terrorçu xunta rejimi tərəfindən idarə edildiyi, bu rejimin özünün də cinayətkar qruplaşma tərəfindən maliyyəşdirildiyi barədə etdiyimiz çağırışlar heç bir nəticə vermədi. Sentyabrın 27-dən başlayan II Qarabağ savaşı 30 ilə yaxındır Azərbaycanın haqq səsini eşitməzlikdən gələn dünya ictimiyyətinə bir çox həqiqətləri bu bir ay ərzində göstərdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini məcburiyyət qarşısında özü icra etməyə başlayan Azərbaycan Ordusu yalnız işğalçı ölkənin silahlı birləşmələrinə qarşı yox, Azərbaycanın haqlı savaşında Ermənistana dəstək verən beynəlxalq təşkilatlara, dünyaya haqq-ədalətdən "dərs keçən" bir çox ölkələrə savaş açdı.

Fransanın TF1 televiziya kanalının dünyanın diqqət mərkəzinə çevrilən Qarabağdakı savaşla bağlı cəbhə xəttindən eksklüziv reportaj hazırlayaraq yayımlaması isə Ermənistanın işğalçılıq siyasətini müdafiə edən Emmanuel Makronun rəhbəri olduğu ölkənin televiziya kanalının əməkdaşlarına qarşı təhdidləri artırdı. TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləməsi, Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulaması, Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardıman etməsindən bəhs edən reportaj Ermənistanın dövlət səviyyəsində terrorçu mahiyyətini bir daha ortaya qoydu.

Sözügedən süjetdən dərhal sonra telekanalının əməkdaşı Liza Budul erməni diasporu və lobbisinin təzyiqlərinə, təhdidlərinə məruz qaldı, hətta ölümlə hədələndi. Fransada fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitəsinə və jurnalistə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, dünyanın aparıcı media qurumları, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlardan sərt bəyanatlar gözlənilsə də, məsələyə gözlənilən reaksiya verilmədi. Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist Liseron Budulun Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilməsi, eyni zamanda WhatsApp üzərindən də təzyiqə məruz qalması və kanalın sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilməsi kimi faktlara qarşı Fransa hökümətinin bir tədbir görməməsi, bu dövlətin prosesə münasibətini yenidən açıq şəkildə ortaya qoydu.

Fransa dövləti bir TV kanalın təhlükəsizliyini qoruya bilməyəcək qədər acizdirmi?

Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı "Biz demokratiya nümunəsi deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz "sarı jiletlilərin" etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib" fikirləri, əslində, tək Fransaya yox, özlərini demokratiyanın beşiyi adlandıranlara tutarlı cavab idi.

Son bir ayda onlarla hərbi-cinayətlər, terror əməlləri törədərək mülki insanları, günahsız körpələri qətlə yetirmələri faktlarına rəğmən Ermənistanın heç bir beynəlxalq təzyiqlə üzləşməməsi, cəzasızlığı düşmənin əl-qolunu daha da açmasına imkan yaradır. Mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal alan Ermənistanın Bərdə şəhərini qadağan olunmuş kaset bombalarından atəşə tutması nəticəsində baş vermiş çoxsaylı insan tələfatı və dağıntılarla bağlı "The New-York Times" nəşrinin hazırladığı məqalədən sonra redaksiya Fransada "TF1" telekanalının aqibətini yaşadı. Redaksiya əməkdaşları radikal və şovinist erməni lobbi qruplarının hücum və təhdidlərinə məruz qaldı. Söz və mətbuat azadlığına qarşı da terror törədən ermənilərin bu əməlləri də hər ötən gün təsir gücünü itirməkdədir. Qərb dərk etməlidir ki, əgər, doğrudan da, sivil davranış, Avropa dəyərləri, insan hüquqları alidirsə, o zaman mütləq ona qarşı çıxan terrorçular cəzalandırılmalıdır. Əks təqdirdə, Qərb dəyər, ədalət, söz azadlığı deyə illərdir dünyanın gözünə soxduğu bu prinsipləri erməni lobbisinin qurbanı edəcək.

Ermənistan isə Azərbaycanın istər döyüş meydanında, istərsə də siyasi müstəvidə qurbanına çevrilməkdədir. Çünki Qarabağın ağ günə çıxmağına az qalıb. Azərbaycanın qələbəsi Ermənistanın sonu ola bilər. Ona görə də nə qədər ki gec deyil, Qərb papağını qabağına qoyub, özünə gün ağlasın.

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistanın sonuna az qalıb Qərb özünə gün ağlasın


RƏYLƏR