Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biznes işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafına dəstək verəcək

Biznes işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafına dəstək verəcək

Tarix: 5 Noyabr 2020 17:06

Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatına cavab olaraq Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın əhəmiyyətli hissəsi artıq işğaldan azad olunub. Ordumuz cəbhədə hər gün irəliləməkdə və şəhər, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməkdədir. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, Ordumuzun hərbi-texnoloji üstünlüyü, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandana hədsiz sevgisi, böyük döyüş ruhu və s. faktorlar ölkəmizin tezliklə ərazi bütövlüyünü tam təmin edəcəyini şərtləndirir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, işğaldan azad edilən torpaqlarımızın zəngin resursları və iqtisadi potensialı isə Azərbaycanın iqtisadi gücünə güc qatacaq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.

Qeyd edilməlidir ki, uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kəndlər və şəhərlər tamamilə talan edilib.

Azərbaycan hökuməti işğaldan azad olunan əraziləri sürətlə bərpa etməyə hazır, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız isə öz evlərinə, el-obalarına qayıtmaq arzusundadır. Artıq bərpa işlərinə başlanıb. Suqovuşana yol çəkilişi buna gözəl nümunədir.

Onu da vurğulayaq ki, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi də var. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin çox qısa müddətdə yenidən qurulması, yolların, evlərin tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, Naxçıvanda 11 min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı idi.

Hazırda Müzəffər Ordumuzun uğurlu əks-hücum əməliyyatları ilə düşməndən azad edilən torpaqlarımızda da tikinti-quruculuq işləri aparılacaq, həyat canlanacaq, bu ərazilərdə yaradılacaq müəssisələr, təsərrüfatlar, salınacaq bağlar və s. iqtisadiyyatımıza öz töhfəsini verəcək.

Bu quruculuq işləri biznes üçün də böyük imkanlar yaradacaq. Artıq dəfələrlə, vurğulandığı kimi, biznes azad edilmiş ərazilərin bərpasında iştirakda maraqlıdır. Bu işlər dövlətin və biznesin qarşılıqlı əməkdaşlığı şəraitində həyata keçiriləcək, biznes çoxmilyonluq dövlət sifarişlərinin icrasına cəlb ediləcək.

Bu ərazilər gələcəkdə turizmin inkişafında da mühüm rol oynayacaq.

Qeyd etmək lazımdır ki, Azərbaycanın regionda lider dövlət, etibarlı beynəlxalq tərəfdaş olması, dünya arenasında malik olduğu müsbət və güclü imici, dünya birliyi ölkələri, eləcə də qonşu dövlətlərlə qurulmuş qarşılıqlı faydalı və geniş əlaqələr işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasını daha da sürətləndirəcək.
Bu konteksdə dost ölkələrin biznes cəmiyyətləri arasında geniş əlaqələr xüsusilə qeyd edilməlidir. Bu baxımdan, Azərbaycanla dil, tarix, din və mədəni bağlılıqları olan türk dövlətləri ilə əməkdaşlıq böyük önəm kəsb edir. Təsadüfi deyildir ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdiyi indiki günlərdən türkdilli dövlətləri bir araya gətirən qurumlardan operativ olaraq azad edilmiş torpaqlarda iqtisadi əməkdaşlıq təklifləri gəlməkdədir.

Bu, həm Azərbaycan dövlətinə, Ali Baş Komandanına, rəşadətli Ordumuza, ölkəmizin iqtisadi perspektivinə olan güclü inamın ifadəsi, eyni zamanda, türk dövlətlərinin təmsil olunduqları qurumlar çərçivəsində faydalı əməkdaşlığın, konsolidasiyanın, qarşılıqlı etimadın bariz göstəricisidir.

Hazırda Azərbaycanın Vətən müharibəsində Türk Şurası ölkələri, xüsusilə Türkiyə dövləti Azərbaycana ciddi mənəvi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə ciddi dəstək verir.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasının iştirakçıları da Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını bildiriblər. Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Qarabağın iqtisadi inkişafı üçün bütün imkanları ilə Azərbaycana dəstək olacaqlarını, azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazır olduqlarını vurğulayıb. İclasda aparılan müzakirələr bir daha göstərir ki, Türk Şurasına üzv dövlətlərin qarşılıqlı investisiyaların yatırılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə, azad olunmuş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasına marağı böyükdür.

Yeri gəlmişkən, Türkiyənin "Aran Mobilya Dekarasyon İnşaat Sanayi ve Ticaret Limited" şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşdığını bildirib. Türkiyə şirkətləri tərəfindən bu cür açıqlamalara tez-tez rast gəlirik.

Təbii ki, əməkdaşlıq etmək istəyən ölkələrin və biznes dairələrinin sırası daha da genişlənəcək. Bu isə, ilk növbədə Azərbaycanda həyata keçirilən layihələrin özünü iqtisadi baxımdan doğrultması, perspektivli olması, ən əsası isə ölkəmizə olan dərin etimaddan irəli gəlir.

İşğaldan azad edilmiş və azad olunmaqda davam edən ərazilərimizin isə iqtisadi potensialı böyük, təbii ehtiyatları zəngindir. Əminliklə demək olar ki, Müzəffər Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr ən qısa zamanda bu resurslardan səmərəli istifadə imkanı yaradacaqdır.


Etiketlər:  Biznes işğaldan azad olunmuş ərazilərin iqtisadi inkişafına dəstək verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ