Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 19:21
Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqı üçün göndərilmiş bir bəladır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, Paşinyanın vəzifədə qalması Ermənistanın tam məhv olması deməkdir:
"Paşinyan bəyanat verib ki, o istefa verməyəcək. Əslində, onun istefa verməməsi indiki dövrdə Azərbaycana sərf edir. Çünki Paşinyan hakimiyyətdə qaldıqca Ermənistan süquta uğramaqda davam edir. Biz dəfələrlə demişdik ki, bu müharibə həm də Ermənistan dövlətinin mövcud olacağını şübhə altına alır. Bu gün Araik Arutyunyanla Samveli Babayanın gizli danışıq yazılarının yayılmasından da Ermənistandakı vəziyyət məlumdur. Səs yazısında o, Araik Arutyunyan bildirir ki, artıq onların cəmi 2 qradı qalıb, qalan hərbi texnika və sursatları məhv edilib. Bu, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin necə rəşadət göstərdiyini və Ermənistana hansı zərbəni vurduğunun bariz nümunəsidir".
Millət vəkili qeyd edib ki, Ermənistanda xaos və özbaşınalığın hökm sürəcəyi gözlənilən idi: "Biz əvvəldən də bilirdik ki, Ermənistanda siyasi böhran baş verəcək, qarşıdurmalar yaranacaq. Artıq bu hadisələr baş verir. Bu gedişlə Ermənistanda vətəndaş müharibəsinin baş verəcəyi dəqiqdir. Sentyabrın 27-dən noyabrın 10-na qədər Ermənistanın verdiyi itkilər erməni xalqından gizlədilir. Hələ bu itkilər üzə çıxdıqca Ermənistanda daha dəhşətli hadisələr baş verəcək. Artıq Paşinyanın partiyasından olan 4 nəfər partiyadan istefa verdi. Getdikcə, Paşinyan komandasında olan vəzifəliləri də işdən çıxarır. Bu göstəricilərin hamısı Azərbaycan dövlətinin apardığı siyasət, Azərbaycan Ordusunun Ermənistana vurduğu ağır zərbələr və qazandığı uğurların nəticəsidir. Ermənistan dövləti bu gün elə bir vəziyyətə düşüb ki, erməni xalqı gələcəkdə bunun nə ilə nəticələnəcəyini bilmir. Hesab edirəm ki, Ermənistanda bu qarşıdurmalar getdikcə güclənəcək. Ermənistan artıq böhran vəziyyətindədir. Yaxın vaxtlarda Ermənistanda ciddi qarşıdurma, iqtisadi böhran, bahalaşmalar baş verəcək".