Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüqar Rəhimzadə: Xalq ona qələbə hisslərini yaşadan Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

Vüqar Rəhimzadə: Xalq ona qələbə hisslərini yaşadan Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

Tarix: 17 Noyabr 2020 21:45

"Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa yolu yox idi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən torpaq həsrətinə son qoydu, ədalət bərpa olundu. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımış Böyük Qayıdışın sevincini yaşayır, aranlı-dağlı Qarabağa yeni nəfəs gəlir, "Mən artıq köçkün deyiləm" ifadəsi daha çox səslənən və sevincimizə sevinc qatan fikir kimi hər birimizi qürurlandırır."

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin yekununda dövlətimizin başçısı İlham Əliyev qalib Sərkərdə, Azərbayan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi:

"Noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün avtomobilini saxlayaraq düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu, izdihamla, sonsuz sevinc hissi ilə qarşılanması da xalqın özünün Müzəffər Ali Baş Komandanına hüdudsuz sevgisinin və ehtiramının təcəssümü idi. Həmin məqamda ona qələbə sevincini yaşadan Prezidentinə, Ali Baş Komandanına xalq sonsuz sevgisini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev hər zaman çıxışlarında bu reallığı önə çəkir ki, daim xalqa arxalanır, ondan güc alır, qəbul etdiyi qərarlarda Prezident-xalq birliyi əsas yer tutur. Təbii ki, hər zaman dövlətinin, xalqının bu gününü və gələcəyini düşənən, qətiyyətli mövqeyi ilə işğalçı Ermənistana və onun havadarlarına tarix, hüquq və milli qürür dərsi keçərək 30 ilin işğalına son qoyan ölkə Prezidentinə milyonların sevgisi şəksizdir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev əslində böyük zəfərdən doğan sevinc hisslərini öz xalqı ilə bölüşmüş oldu."

"Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür" söyləyən baş redaktor vurğulayıb ki, xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə hökm sürən milli və siyasi həmrəylik şanlı qələbəmizin ideoloji əsasıdır: "Hər zaman Prezidentinin ətrafında sıx birləşən, həyata keçirdiyi siyasətə dəstək olan, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyən xalqımız 44 gündə daha möhkəm yumruq kimi birləşdi. Cənab İlham Əliyevin mövqeyindən bir addım belə geri çəkilməməsi, 44 gündə xarici mediaya verdiyi 30-a yaxın müsahibəsində işğalçı dövlətə və onun havadarlarına ünvanladığı sərt mesajlar artıq ədalətin bərpa olunması zamanının çoxdan keçməsinə, amma hələ də dünyanın yalanları ilə münaqişənin həllini uzatması cəhdlərinin qəbuledilməzliyinə işarə idi. Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla bildirirdi. Bu qələbə son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, Azərbaycana ən möhtəşəm uğurlar qazandıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin xalqımıza təqdimatı idi. Cənab İlham Əliyev Qarabağın tacı, ürəyi olan Şuşamızın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi olaraq vurğuladı ki, Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim."

Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatının həyatiliyini artıq reallıqda işğalçı Ermənistana, ona dəstək olan aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi: "Bu gün bu fikri böyük qürurla qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır. 44 günlük müharibənin yol açdığı tarixi qələbə münaqişə tərəfləri arasında köklü fərqi bütün sahələrdə dünyaya çatdırdı. Ermənistan heç zaman Azərbaycanla hansısa sahədə rəqabət aparmaq imkanında deyildi. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bəyan edib, ordusu haqqında güclü imic yaratmağa çalışsa da, 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar onun hər bir bəyanatının xülya olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Saysız-hesabsız hərbi texnikalarını məhv etdi və qənimət kimi götürdü. Müharibənin fərqli nəticələrindən biri də budur ki, Ermənistanda ola-ola öz xalqından gizlənən məğlub Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Ordumuzla qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. "Qarabağ Azərbaycandır və nida" deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və müharibə meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir."


Etiketlər:  Vüqar Rəhimzadə Xalq qələbə hisslərini yaşadan Baş Komandana sevgisini nümayiş etdirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ