Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2020 16:50
Bakı. Samir Əli - Trend:
İşğaldan azad edilən ərazilərimizi ermənilər dəfələrlə geri qaytarmağa cəhd etsələr də, hər dəfə cəhdləri boşa çıxırdı.
Bunu Trend-ə açıqlamasında Suqovuşan qəsəbəsinin işğaldan azad olunması ilə bağlı Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi əks-həmlə əməliyyatı zamanı yaralanan hərbçi zabitimiz Murad Əfəndiyev deyib.
O bildirib ki, düşmən təxribatlarının qarşısı həmişə uğurla alınıb və hər dəfə düşmən itki verərək geri çəkilib: "Əvvəlcə Talış kəndi uğrunda əməliyyatlarda iştirak etmişəm. Azərbaycan Silahlı Qüvvələri Talış kəndini işğaldan azad edəndən sonra mövqelərimizi bərkidirdik. Bu an düşmən kəndi yenidən işğal etmək üçün hücuma keçdi. Lakin yenə də itki verərək geri çəkildilər. Döyüşlərdə mən və silahdaşlarım düşmənin 8 hərbçisini əsir götürdük. Əsirləri təhvil verib geri qayıdanda erməni hərbçilər Suqovuşan qəsəbəsindən mövqelərimizi atəşə tutdu. Bu istiqamətdə də düşmənin hücumunu uğurla dəf etdik, Düşmən xeyli itki verərək geri çəkilməyə başladı. Suqovuşan istiqamətində düşmən mövqelərini darmadağın etmişdik. Qismən sakitlik idi. Ermənilər Suqovuşana yenidən hücum etdi. Mövqelərimiz əsasən minaatanlardan atəşə tutulurdu. Suqovuşanda dəniz səviyyəsindən 505 metr hündürlükdə olan yüksəklikdə idik. Düşmən artıq pilotsuz uçuş aparatları (PUA) ilə hücuma keçmişdi. PUA-dan F-1 qumbaraları tökülürdü. Bununla yanaşı, həmçinin düşmən 82 və 120 mm-lik mərmilərdən bizi atəşə tutmağa başladı. Amma Azərbaycan Ordusu düşmənin bütün cəhdlərinin qarşısını almağa qadir idi. Əks həmlə hücumu ilə düşmənin mövqeyini yenidən məhv elədik. Düşmən əsgərlərimizi mühasirəyə salmaq istəyirdi. Mən və zabit yoldaşlarım düşmənin bu əməliyyatı barədə məlumat aldıq və həmin istiqamətdə onların hücumunu dəf etdik. Əsgərlərimizin mühasirəyə düşməsinin qarşısını tam aldıq və erməni diversiya qrupunu məhv etdik. Bu vaxt düşmən tərəfdən atılan mərmi yanımızda partladı. Mən və 3 zabit yoldaşım yaralandıq. Əsgərlərin köməyi ilə döyüş ərazisindən çıxarılaraq Naftalan hospitalına gətirildik. Əməliyyat olundum, hazırda özümü yaxşı hiss edirəm və yenidən xidmətə qayıdacağam. Hazırda xidməti ərazimdə olsam da sərəncamdayam".
Xatırladaq ki, Murad Əfəndiyev 1941-45-ci il Böyük Vətən Müharibəsinin iştirakçısı, İtaliyanın Milli Qəhrəmanı olan azərbaycanlı partizan Məmməd Bağırovun nəvəsidir.