Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2020 17:51
44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu. Üçtərəfli bəyanatda Ermənistanın işğal etdiyi Kəlbəcər, Laçın və Ağdam rayonlarını da heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil verməsi və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa edilməsi nəzərdə tutulurdu.
Sonxeber.net bildirir ki, bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, bu gün Ağdam artıq Azərbaycana təhvil verilib: "Heç bir qan tökülmədən, şəhid vermədən, bir əsgərin belə yaralanmadan düşməndən torpaq alınması dünya tarixində də az rast gəlinən təcrübədir. Bu, Prezident İlham Əliyevin praqmatik, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur. Bəyanata uyğun olaraq bu gün gözəl diyar Ağdam artıq Azərbaycandadır. Qürur və fərəhlə deyə bilirik ki, "kiçik qala" adlandırılan Ağdam bizimdir, Ağdam Azərbaycandır!
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdi. Ağdam o qəhrəman yurddur ki, düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülüb, işğal nəticəsində rayonun o zamankı 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib və bu gün 200 mindən çox Ağdam əhalisinin böyük əksəriyyəti məcburi köçkün kimi yaşayır.
Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ağdamın işğal tarixi illərlə beynimizə, yaddaşlarımıza həkk olunmuşdu. Bu gün isə bu rəqəm təqvimin qara səhifəsi kimi tariximizə, şəhidlərimizə hörmətlə yeni bir rəqəmlə əvəzlənir. Belə ki, 20.09.20 tarixi və müqəddəs cümə günündə Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşür.
Ağdam şəhəri, onun qədim keçmişinin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılmışdı. Buna baxmayaraq necə ki, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda Prezidentimizin, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşməklə birlik nümayiş etdirdik, bu gün də eynilə Cənab Prezidentin də dediyi kimi bütün rayonlarımızı, şəhərlərimizi dirçəltmək uğrunda əzmkarlıq göstəririk. Bu gün hər kəs Şuşaya, Füzuliyə, Zəngilana, Qubadlıya, Ağdama getməyə səbirsizlənir. Çox yaxın gələcəkdə işğaldan azad edilən doğma torpaqlarımızda, o cümlədən Ağdamda yeni gözəl bir həyat başlayacaq".