Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2020 13:45
Paris meriyasının qondarma qurumu tanımaq istiqamətindəki canfəşanlığı başa düşüləndir. Çünki erməni lobbisinin əsiri olmuş insanlardan başqa bir hərəkət də gözləmirik. Paris meriyasının qondarma qurumu tanıması ermənilərə nə verə bilər? Təbii ki, heç nə. Paris meriyasının qondarma qurumu tanıyıb-tanımaması məsələlərin həllində heç bir rol oynamır.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, Azərbaycan 44 günlük müharibədə qondarma rejimin taleyi haqqında da hökmünü verib:
"Fransanın bu hərəkətlərini bu dövlətin ermənilərin əlində əsir olduğunun göstəricisi hesab edirəm. Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olduğu üçün neytral mövqe sərgiləməli idi. Amma biz müşahidə etdik ki, Fransa prezidenti Makron da ermənilərə dəstək göstərir və torpaqlarımızın işğal altında saxlanmasının tərəfdarıdır. Fransa Afrikada milyonlarla insana qarşı soyqırım törədib. Tarixi gizlətmək, yaddan çıxartmaq olmaz.
Belə bir ölkənin Minsk Qrupunun həmsədri olması da təəssüf doğurur. Ümumiyyətlə Vətən müharibəsində Azərbaycanın əldə etdiyi möhtəşəm qələbə erməni tərəfdarları üçün bir şok yaşatdı. Çünki onlar heç vaxt düşünmürdülər ki, Azərbaycan nə vaxtsa müstəqil şəkildə hərəkətə keçərək öz haqq işini görəcək. Ermənilərə dayaq olanlar elə bilirdilər ki, müharibə başlasa, Prezidentimizə təzyiq göstərməklə dayandıra bilərlər. Amma vəziyyət onu göstərdi ki, Prezident İlham Əliyevi öz haqq yolundan heç kim çəkindirə bilməz və başladığı işin axırına kimi çıxır".
A.Badamov bildirib ki, Prezident İlham Əliyev bütün xarici təzyiqləri ustalıqla dəf etdi və müzəffər ordumuz tarixi qələbəyə imza atdı. Paris meriyasının bu hərəkətləri isə öz ətrafında olan ermənilərin xoşuna gəlmək məqsədi daşıyır. Ona görə ki, mer Ann İdalqo ermənilərin dəstəyi ilə seçilib və onun gələcək taleyi də ermənilərin ona münasibətindən asıllı olacaq.
Ann İdalqo ermənilərin xoşuna gəlmək üçün yaxşı olardı qondarma qurumu tanımaqdansa, Parisi ermənilərin paytaxtı elan etsin. Əgər bu belə olarsa, ermənilərin daha çox xoşuna gələr. Çünki Parisdə Dağlıq Qarabağdan daha çox erməni yaşayır. Paris qədim tarixə malik şəhərdir və qədim xalq adlandırdıqları ermənilərə daha çox yaraşır. Fransa Azərbaycan torpaqlarını yaddan çıxarsın və qoy Parisi ermənilərin paytaxtı kimi tanısın və daha çox hörmətli olsunlar".