Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq

Azərbaycan dili ilə bağlı onlayn tədris və imtahan platforması hazırlanacaq

Tarix: 24 Noyabr 2020 18:10

Dövlət İmtahan Mərkəzi (DİM) Türkiyənin qabaqcıl qiymətləndirmə qurumu ilə əməkdaşlığa başlayıb. 25 noyabr 2020-ci il tarixində DİM və Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq protokolu imzalanacaq.

Mərkəzdən Sonxeber.net-a verilən məlumata görə, protokola əsasən DİM Türkcə Yetərlik İmtahanının (TYS) Azərbaycan ictimaiyyətində tanıdılması, bu imtahanın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün texniki infrastrukturun yaradılması, bununla yanaşı xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik vəsaitləri, onlayn tədris və imtahan platformasının inkişaf etdirilməsi, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi üçün Yunus Əmrə İnstitutu ilə qarşılıqlı əməkdaşlıq imkanları yaradacaq.

Sənədə görə İnstitut xaricilərə Azərbaycan dilinin öyrədilməsi məqsədilə dərslik və köməkçi materialların (elektron və çap) tərtib olunması, elektron "Azərbaycan dilinin tədrisi portalı"nın yaradılması, Avropa Şurasının çərçivə sənədi (CEFR) əsasında "Sertifikat imtahanları (A1-C1)" və "Səviyyə Ölçmə İmtahanının (SÖİ)" nümunəsi əsasında Azərbaycan dili səviyyə ölçmə imtahanı ilə Sertifikat İmtahanının məzmun və materiallarının, eyni zamanda xarici dil kimi Azərbaycan dilinin tədrisi məqsədilə bu sahədə fəaliyyət göstərəcək müəllim və tədris işçilərinin yetişdirilməsi üçün təlimçilərin təlim proqramlarının hazırlanmasına dəstək verəcək.

DİM isə öz növbəsində CEFR əsasında hazırlanan və Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin türk dili üzrə bir çox üstünlükləri özündə birləşdirən TYS-nın tanınmağına töhfə verəcək, TYS-nın etibarlı və təhlükəsiz qaydada keçirilməsi üçün lazımi bütün texniki xidmətləri təmin edəcək.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq protokolu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Yunus Əmrə İnstitutunun sədri Prof. Şərəf Atəş tərəfindən imzalanacaq. Protokolun imzalanacağı görüşdə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Ərkan Özoral da iştirak edəcək. Görüşün moderatorları Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin müdiri Səlçuk Karakılıç və DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn olacaq. Protokolun imzalanma mərasimi hər iki ölkənin müxtəlif media qurumları tərəfindən işıqlandırılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli 346 nömrəli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması"nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.


Etiketlər:  Azərbaycan dili ilə bağlı onlayn tədris imtahan platforması hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ