Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəsur əsgərimizin Şuşadan sizə salamı var - VİDEO - FOTO

Cəsur əsgərimizin Şuşadan sizə salamı var - VİDEO - FOTO

Tarix: 25 Noyabr 2020 07:22

Danılmaz faktdır ki, bu gün Füzulinin, Qubadlının, Cəbrayılın, Zəngilanın, Şuşanın azadlığını, 44 günlük Vətən müharibəsində canını fəda edən və bu yolda həyatından keçməyə hazır olan ordumuza borcluyuq. Bu gün döyüş yolu Füzulidən Şuşayadək uzanan bu cür qəhrəman oğullarımızdan biri haqqında danışacağıq. Söhbət Cəlilabad sakini əsgər Nicat Seyfullazadədən gedir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Vətən savaşına könüllü olaraq qoşulan, qismən səfərbərliyin elan edilməsinə bayram kimi sevinən, Azərbaycanın hər bir qarış torpağı üçün canından keçməyə hazır olan Nicat Seyfullazadə 44 günlük haqq savaşında könüllü olaraq Vətənin müdafiəsinə qalxan əsgərlərdəndir. Xidmətini davam etdirən əsgərin Şuşadan xalqımıza salamı var: "Hazırda Qarabağımızın döyünən ürəyi Şuşa şəhərindəyəm. Gördüyünüz kimi, Şuşa qalasının yanındayam. Buradan bütün məğrur xaqımıza salamlarımızı çatdırıram. Rəşadətli Ordumuz hazırda Şuşanı göz bəbəyi kimi qoruyur. Narahat olmasınlar, Şuşa artıq öz sahibində, etibarlı əllərdədir. Bu, bizim üçün çox qürurvericidir. Fəxrlə bildirirəm ki, Azərbaycan Respublikasına xidmət edirəm".

Nicat işğaldan azad olunan torpaqlarımıza getməyi səbirsizliklə gözləyənlər üçün həmin ərazilərdən görüntüləri də paylaşır. Gənc əsgərimizin döyüş yolu qısa, lakin keşməkeşli olub: "İlk döyüşümüz Füzuli rayonu istiqamətində baş verdi. Həmin vaxt düşmənə ağır zərbələr endirdik. Daha sonra Top kəndində, top əməliyyatında iştirak etdik. Ondan sonra Susalı kəndi istiqamətində düşmənə ağır zərbələr endirdik. Ordumuzun gücündən qorxub sarsılan düşmən qaçdı".

Ailəsi Nicatın yolunu səbirsizliklə gözləyir. Anası Nərgiz Seyfullayeva oğlunun orduya yollanarkən yarım qoyduğu çayı da fincanında olduğu kimi saxlayır: "İnanın ki, o, bu stəkandakı çayını axıra qədər içə bilmədi. Nə qədər etdim, yalvardım içmədi. Dedi, içə bilmərəm. Hər dəqiqəmiz qənimətdir, qızıldan qiymətlidir. Sentyabrın 27-si günündən bu çay həmin fincanda qalır. Demişəm, özü gələn günə qədər də bunu saxlayacağam. Bu gün biz qürurlu xalqıq. Çünki Azərbaycan kimi bütöv bir məmləkətə sahib olmuşuq. Şuşa bizimdir, Qarabağ Azərbaycandır".

Cəsur döyüşçümüzün atası Qismət Seyfullayev deyir ki, biz bu qələbəni rəşadətli ordumuzun şücaəti və Müzəffər Ali Baş Komandanımızın əzmkarlığı sayəsində qazandıq: "Prezidentimiz qismən səfərbərlik elan edəndə Nicat sevincindən nə edəcəyini bilmirdi. Dedi ki, mən indi Vətən uğrunda döyüşməyə gedəcəyəm və elə də etdi. Nicat Fizuli rayonu istiqamətində döyüşlərdə fədakarlıq göstərib, qəhrəmancasına döyüşüb. Başı uca olsun, başımızı uca etdi. İkiqat qələbə sevinci yaşadım ki, mənim də oğlum Vətən müharibəsində olub. Belə igid oğlum olduğu üçün bir ata kimi fəxr etdim".

Cəsur döyüşçümüzün əmisi Fikrət Seyfullayev könüllü cəbhəyə gedən Nicatın qəhrəmanlığı ilə qürur duyduğunu deyib. Bildirib ki, Nicat kimi igidlər Şuşanı çox çətinliklə azad ediblər: "Biz əvvəl tərəddüd etdik ki, Nicat tək uşaqdır, evin tək oğludur. Dedi ki, çoxları təkdir. Bəs, təklər getməsə Vətəni kim qoruyacaq. Vətəni biz qorumalıyıq. Qısa zamanda cəbhədən Nicatın yaxşı soraqları gəldi. Füzuli döyüşlərində düşmənə ağır zərbələr endirmişdilər. Komandirləri zəng edib bu barədə bizə deyəndə Nicatla bir daha qürur duyduq. Bilirik ki, Azərbaycan Ordusu Şuşanı böyük bir qəhrəmanlıq və peşəkarlıq göstərək azad edib. Ordumuzla fəxr edirik".

Doğma yurdunu hədsiz məhəbbətlə sevən Nicatın bu sevgisi ailəsindən gəlir. Elə bir ailədən ki, Füzulidən Şuşayadək torpaqlarımızın işğaldan azad olunmasında bilavasitə iştirak edən qəhrəman övladına doyunca sarılmağı səbirsizliklə gözləyir.


Etiketlər:  Cəsur əsgərimizin Şuşadan sizə salamı VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ