Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, tarixi anlar idi'' - Hacı Şahin

''Bu, tarixi anlar idi'' - Hacı Şahin

Tarix: 25 Noyabr 2020 16:54

Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam məscidini ziyarət etmələri düşünürəm ki, Azərbaycan tarixində yaşayacaq bir hadisədir.

Bunu Sonxeber.net-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.

İlahiyyatçı bildirib ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə bu qələbəni əldə etdi:

"Azərbaycanlıların düşüncəsində Ağdam həmin o məscidlə simvolizə edilirdi. Uzun illərdir o məsciddə ibadət etmək həsrəti ilə yaşayırdıq. Cənab Prezidentin də bir qalib sərkərdə kimi Ağdam səfərində məhz məscidi ziyarət etməsi insanlarda xüsusi bir təəssürat yaratdı. O kadrlara baxdıqda Prezidentin necə böyük bir hörmətlə məscidə daxil olmasının şahidi olduq.

Baxmayaraq ki, məscid təmir olunmayıb hələ, yeri də döşənməmişdi, Prezident və Mehriban xanım ayaqqabılarını çıxararaq, məcsidin divarını öpərək ora daxil oldular. O, eyni zamanda, Məkkədən gətirdiyi Qurani Kərimi məhz Ağdam məscidinə hədiyyə etdi, orada da bildirdi ki, "Mən Kəbədə olarkən Allaha dua etmişdim ki, mənə kömək olsun". Həqiqətən də, Allah bu duaları eşitdi və Azərbaycan bu müharibədə qələbə çaldı. Bu, Azərbaycan xalqının qələbəsidir və Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə bu qələbəni əldə etdi".

Hacı Şahin Həsənli onu da qeyd edib ki, baxmayaraq ki, bizdə din dövlətdən ayrıdır, amma Prezidentin siyasətinin ən prioritet istiqamətlərindən biri mənəvi dəyərlərimizdir:

"Prezidentin Ağdam məscidini ziyarət etməsi həm də dövlətin dini dəyərlərə sayğısının, hörmətinin növbəti təzahürü oldu. Azərbaycanda müxtəlif din təmsilçiləri, dinc, yanaşı yaşayıblar. Məscidlər, sinaqoqlar, kilsələr dövlət qayğısı ilə əhatə olunub və dini dəyərlərimizə şəxsən Prezident İlham Əliyev bağlı olub. Baxmayaraq ki, din dövlətdən ayrıdır, amma bizim siyasətimizin ən prioritet istiqamətlərindən biri həmin o mənəvi dəyərlərimizdir.

Bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Prezidentin məhz Ağdam məscidini ziyarət etməsi və orada çıxış etməsi bir daha təkrar etmək istəyirəm ki, dinə, dəyərlərə, mənəvi prinsiplərə bağlılığın növbəti təzahürüdür. Hesab edirəm ki, bu, tarixi anlar idi və həmişə tarix kitablarında, dərsliklərində də qeyd olunacaq ki, Prezident işğaldan azad olunmuş əraziyə gəldiyi zaman məhz məscidi ziyarət etdi, orada dualar etdi və həmin məkanda Ağdamın azad olunması ilə bağlı tarixi çıxış etdi".

Təhməz Əsədov


Etiketlər:  tarixi anlar Hacı Şahin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ