Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşməni məhv edəcək firəng tamahı - Ermənilər yenə alət oldular

Düşməni məhv edəcək firəng tamahı - Ermənilər yenə alət oldular

Tarix: 27 Noyabr 2020 11:18

Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın da söylədiyi kimi "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsinin cəmi bir neçə gün içində tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb, qəbul olunması Fransanın tənzimləmənin deyil, problemin bir parçası olduğunu bir daha göstərdi. Əslində, Emmanuel Makron əvvəl də, 44 günlük müharibə müddətində də, ondan sonra da açıq şəkildə havadarlıq etdiyi Ermənistanın Baş naziri Nikol Paşinyanın səhvlərini təkrarlayır. Noyabrın 18-də Fransa Senatına erməni diasporunun təsiri altında olan bir qrup senator tərəfindən qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" qətnamə layihəsinin noyabrın 25-də tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılıb və qəbul olunması bəlkə də Azərbaycan Fransa münasibətlərində bardağı daşıran son damla oldu.

Fransa Senatı bu addımla Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlik etməklə yanaşı ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri kimi işğalçılığa qarşı və insan haqları ilə bağlı qəbul edilən qanunlardakı imzasını ayaq altına atdı. Qondarma Dağlıq Qarabağın tanınmasının tövsiyə edilməsinə dair Fransa Senatının qəbul etdiyi bu qətnamə, mübahisəsiz olaraq, dünya miqyasında ən qeyri- obyektiv, zərərli sənəd kimi Fransa hökümətinin adına qara ləkə oldu. Çünki Fransa Senatının bu qərarı təkcə ATƏT-in Minsk Qrupunin həmsədri kimi yox, dünyaya demokratik dəyərləri dəstəklədiyini hər fürsətdə hayqıran bir dövlət üçün utancvericidir.

Əslində, Ermənistanla Fransanın çox xüsusiyyətləri oxşardır. Dəbin, parfümün, kosmetikanın kralı italyanlar hesab edilsə də, fransızlar hamısını öz adına çıxarmağı bacarıb. Qonşularından nəyi oğurlamaq olarsa, hamısını oğurlayıblar. Dünya xalqlarının hamısının yeməklərindən içinə bir az pendir, bir də reyhan atmaqla adına fransız mətbəxi deyirlər. Necə ki, eyni üsuldan ermənilər istifadə edirlər. Amma Fransa ilə Ermənistanın oxşar xüsusiyyətləri bununla bitmir. Onların dövlət siyasətində də bənzər zolaqlar az deyil.

Belə ki, beynəlxalq hüququ tanımadığını əməli fəaliyyəti ilə sübut edən Fransa da Əlcəzairdə törətdiyi soyqırımın cəzasını hələ də almayıb. İşğalçı Ermənistana himayədarlıq etməklə öz xislətini açıq-aydın göstərən rəsmi Parisin də bu gün siyasəti islamofobiya, anti-Türkiyə, anti-Azərbaycana hədəflənib. Necə ki, bu gün Fransa və Ermənistan bunu edir. Hər kəs çox gözəl bilir ki, işğalçı Ermənistan himayədarsız Azərbaycan qarşısında duruş gətirə bilməz. Ermənistana işğalçılıq dərsini keçən Fransanın Azərbaycanı haqsızlıqda suçlamasından isə absurd bir şey ola bilməz.

Fransa Senatının qəbul etdiyi qətnamə sənədinin mətnindən də aydın olur ki, senatorları Dağlıq Qarabağın erməni əhalisinin taleyindən daha çox, Türkiyənin və Azərbaycanın getdikcə güclənməsi, sarsılmaz birlik nümayiş etdirməsi narahat edir. Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan olsa da, Türkiyənin adı qətnamədə daha çox çəkilir. Fransa Senatında qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox, 12 senatorun qərəzli, reallıqdan uzaq, birtərəfli çıxışı ilə tarixə düşdü. Erməni lobbisinin sifarişlərini yerinə yetirdikləri gün kimi aydın olan, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz olan, hətta çıxışları belə dinləməyən senatorlar səsvermədə fəal iştirak ediblər. Bunun açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribat olduğu sadalanan detallardan da aydın olur. Layihəninin ideya müəlliflərinin ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorların olduğuna nəzər salsaq, həmin senatorları daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırdığını düşünə bilərik. Ermənilər yenə də bir vasitə, bir alətdir. Bu, tarix boyu belə olub, olacaq da. Amma bu qətnamə ilə Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən Fransa Senatının müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Qəmər adalarının Mayot adası məsələsini nəzərdən keçirməsi daha məntiqli olardı.

Təhməz Əsədov


Etiketlər:  Düşməni məhv edəcək firəng tamahı Ermənilər yenə alət oldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ