Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmənin robot hesab etdiyi Azərbaycan əsgəri - Dirilərək üstümüzə gəlirdilər... - FOTO

Düşmənin robot hesab etdiyi Azərbaycan əsgəri - Dirilərək üstümüzə gəlirdilər... - FOTO

Tarix: 30 Noyabr 2020 11:09

II Qarabağ Müharibəsi Azərbaycan xalqının yeni və ən böyük qəhrəmanlıq salnaməsi kimi bundan sonra neçə onilliklər, neçə əsrlər gələcək nəsillər tərəfindən qürurla anılacaq Vətən Müharibəmiz kimi tarixin yaddaşına köçdü. Bu tarix 30 il ərzində can atdığımız diplomatik həll yolu ilə yox, Azərbaycanın qəhrəman övladlarının qanı ilə yazıldı. Bütün müharibələr dağıntılar, insan ölümü, faciələrlə müşayiət olunur. Lakin doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmək - öz adını xalqın tarixi yaddaşına həkk etmək, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəmək, qəhrəmanlıq nümunəsi yaratmaq, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq deməkdir. Bunu Azərbaycan əsgəri bacardı.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanatla 30 illik həsrətin sona çatdığı tarixdən (10 noyabr) çox vaxt keçməsə də artıq Azərbaycan əsgərlərinin qəhrəmanlıqları barədə müxtəlif məlumatlar yayılmağa başlayıb. Ən maraqlısı isə Azərbaycan əsgərinin qəhrəmanlığı barədə düşmənin dilindən eşitməkdir.

Belə ki, Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün "Yerevan Today" kanalına döyüş xatirələri barədə danışarkən işlətdiyi "Bir az real çıxmasa da bəzən düşünürdük ki, onlar, ümumiyyətlə, insan deyillər. Bəlkə də ya zombi ya da robotuydular. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5-6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləqiydi. Yenə deyirəm, onlar insan deyildilər, nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar. Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi" ifadələr düşmənin 30 il ərzində dayanmadan silah-sursatla təchiz etdiyi, relyefi təbii istehkam hesab edilən ərazilərin azad edilməsi zamanı Azərbaycanın qəhrəman övladlarının şücaətini bir daha düşmənin dilindən nümayiş etdirir. Amma düşmən anlamır ki, "zombi" hesab etdiyi Azərbaycanın qəhrəman övladları bu döyüşə 30 il idi hazırlaşırdılar. Bu, onlara Azərbaycan xalqının namusunu təmizləmək, dünyada alnı açıq, üzü ağ gəzmək üçün bəlkə də son şans idi. Bəli, onlar ölümsüzdürlər, onlar hər zaman Azərbaycan xalqının qəlbində dünya durduqca yaşayacaqlar. Ömür yolları ölkənin ayrı-ayrı rayonlarından, kəndlərindən, şəhərlərindən başlayan şəhidlərimizin qəhrəmanlıq dastanı Qarabağda başa çatsa da, torpağı qanları ilə əbədiləşdirən, ölümləri ilə əbədiyyətə qovuşan şəhidlərimiz bu qəhrəmanlıqları ilə torpağın altına yox, milyonların qəlbinə köçdülər. Onlar bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuza çevrildilər.

İstər yerli, istərsə də əcnəbi hərbi ekspertlər Şuşanın işğaldan azad edilməsindən sonra yekdilliklə bir şeyi dedilər: "Ermənilər Şuşanı bir il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin etmişdilər". Düzgün döyüş tapşırığı, düzgün koordinatlar olmasaydı, tək Şuşa döyüşələri zamanı xeyli sayda canlı qüvvəmizi itirəcəkdik, ən dəhşətlisi isə Şuşa əməliyyatımız uğursuz alınacaqdı. Mütəxəssislər bildirirlər ki, bu tipli hərbi əməliyyatlarda hücumda olan tərəfin həm texnika, həm də canlı qüvvə baxımından böyük itkilər verməsi qaçılmazdır. Təsadüfi deyil ki, ayrı-ayrı vaxtlarda düşmənin müdafiə səddini yararaq torpaqların işğaldan azad olunması məqsədilə həyata keçirilən əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvədə 15 min, hətta 20 min nəfər itki verəcəyi proqnozlaşdırılırdı. Lakin Ağdamın, Kəlbəcərin və Laçının (Dekabrın 1-də Azərbaycana təhvil veriləcək) işğaldan azad edilməsi şanlı hərbi qələbə nəticəsində mümkün oldu. Prezident İlham Əliyevin də dediyi kimi, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.

Heç kəsə sirr deyil ki, Vətən Müharibəsində qələbə Azərbaycan ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Bizi o qələbəyə aparan həm gücümüzdür, həm də mənəvi ruhumuz. Azərbaycan xalqı bütün bu illər ərzində öz dədə-baba torpağına qayıtmaq arzusu ilə yaşayırdı. Bütün bu amillər Qələbəni şərtləndirdi...

Təhməz Əsədov


Etiketlər:  Düşmənin robot hesab etdiyi Azərbaycan əsgəri Dirilərək üstümüzə gəlirdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ