Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, çox vacib və vaxtında atılmış bir addımdır''

''Bu, çox vacib və vaxtında atılmış bir addımdır''

Tarix: 8 Dekabr 2020 16:09

Mən cənab Prezidentə həm bu Fondun yaradılmasına görə, həm də məni Himayəçilik Şurasının tərkibinə daxil etdiyinə görə təşəkkür edirəm.

Bunu Sonxeber.net-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov deyib.

Xalq artisti bildirib ki, "YAŞAT" Fondunun yaradılması çox vacib və vaxtında atılmış bir addımdır:

"Bilirsiniz ki, müharibədə yaralanan döyüşçülərimizə, qazilərimizə, şəhid ailələrimizə bir mərkəzdən qayğı göstərilməsi, bir mərkəzdən idarə olunması çox vacib haldır. Bu Fond çox şəffaf şəkildə həm Himayəçilik Şurasının üzvlərinin, həm də dövlətimizin nəzarətində olacaq. Bu, çox vacib bir qərardır. Yaralılarımız var, onların səhhətinin bərpası prosesi var, onlara çox ciddi dəstək lazımdır. Sonra, şəhid ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılması, onların banklarla bağlı olan kredit məsələlərinə baxılması, yəni hamısına şəffaf şəkildə dövlətimiz, bu "YAŞAT" Fondu nəzarət edəcək və hamısına kömək olacaq.

Düşünürəm ki, bu, çox vacib və vaxtında atılmış bir addımdır. Müharibədən sonra buna zərurət yaranmışdı. Bizim kifayət qədər yaralılarımız da, şəhid ailələrimiz də var. Bizim bir azdan Şura üzvləri ilə birlikdə onlayn şəkildə birinci iclasımız olacaq. Təbii ki, yəqin burada atılacaq addımlar, görüləcək işlər müzakirə olunacaq. Bildiyiniz kimi, mənim qardaşımın oğlu da XTQ üzvü idi, 44 günlük müharibədə o da şəhid oldu. Yəni, bu şəhidlər hamısı bizim başımızın tacıdır. Hər birimiz onların qarşısında borcluyuq. 

Təbii ki bu, bir mərkəz olarsa, özü də onlayn qaydada, şəffaf şəkildə kömək ediləcək, diqqət göstəriləcək. Düşünürəm ki, bu, çox vacib məsələdir. Bu da o insanların maddi rifahının yaxşılaşdırılması üçün çox gözəl bir hadisə olacaq. Mən bir daha buna görə cənab Prezidentə təşəkkür edirəm. 

Ağlım kəsəndən xalqımıza xidmət etməyə çalışmışam, hətta 30 il bundan qabaq "Qarabağ Muğam Qrupu" yaratmışam. O qrupla mən öz sözümü demişəm. Biz ailədə yeddi qardaşıq. Yeddi qardaşın beşi I Qarabağ müharibəsinin iştirakçısıdır, qazidirlər. Mən də gücüm çatan qədər vətənimə xidmət etmişəm. Bir daha mənə bu etimada görə təşəkkür edirəm. Təbii ki mən həmişə olduğu kimi bu işimdə də çalışacam üzərimə düşən bütün vəzifəmi layiqincə yerinə yetirim". 

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında fərman imzalayıb. Yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) Himayəçilik Şurasının tərkibi də təsdiq edilib. Şuranın tərkibində Abdullayev Çingiz Akif oğlu, Alızadə Sevinc Əsgərxan qızı, Aslanov Novruzəli Davud oğlu, Aşina Məsud, İbrahimov Mənsum İsrafil oğlu, İsgəndərov Anar Camal oğlu, Qasımov Balakişi Ələkbər oğlu, Novruzov Cahangir Mütəllib oğlu, Ramaldanov Şair Ramaldan oğlu, Səfərəliyeva Rəna Teymur qızı, Zəkiyev İlham Əzizağa oğlu kimi tanınmışlar, ziyalılar yer alıb.

Təhməz Əsədov


Etiketlər:  çox vacib vaxtında atılmış addımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ