Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2020 12:33
"Əslində 10 Noyabr razılaşmasının əsas şərtlərindən biri elə gələcəkdə bölgədə regional əməkdaşlığın formalaşması ilə bağlıdır. Çünki bütün müharibələr son nəticədə sülhlə yekunlaşmalı və yeni əməkdaşlıq formatları müəyyən edilməlidir".
Bunu Sonxeber.net-a açıqlamasında professor, konfliktologiya üzrə ekspert Elşad Məmmədov deyib.
Ekspert bildirib ki, bu əməkdaşlıqdan kənarda qalacaq ölkə iqtisadi inkişafdan da kənarda qalacaq:
"Bölgədə yerləşən ölkələr əgər doğrudan da öz dayanıqlı iqtisadi inkişaf nöqteyi nəzərdən qabaqlayıcı irəliləyiş göstəricilərinə, inkişafa nail olmaq istəyirlərsə, əməkdaşlığın və birgə iqtisadi layihələrin reallaşdırılmasının alternativi yoxdur. Bunu dünya təcrübəsi də deyir, bunu aktual elm də deyir. Ona görə də başqa yol yoxdur. Ümumiyyətlə, hansısa ölkə bu əməkdaşlıqdan kənarda qalacaqsa, təxribatçı siyasətini davam etdirəcəksə, o zaman o ölkə bütövlükdə iqtisadi inkişafdan kənarda qalacaq və o ölkənin gələcək varlığı sual altında olacaq. Burada söhbət heç şübhəsiz, ilk növbədə Ermənistandan gedir. Ona görə də düşünürəm ki, yeni əməkdaşlıq formatları olacaq, bu qaçılmazdır. İndi o əməkdaşlıq beşlik də ola bilər, altılıq da ola bilər, dördlük də ola bilər və yaxud üçlük də olmağı mümkündür. Burada müxtəlif formatlar mövcud ola bilər".
E.Məmmədov onu da qeyd edib ki, bu platformada böyük dövlətlərin iştirakı mütləqdir:
"Aydın məsələdir ki, əməkdaşlıq olmalıdır. Amma bir məqam da var ki, regionda açar dövlətlər var. İndi Ermənistan prosesdən kənarda qalsa o uduzacaq, təbiidir. Amma böyük dövlətlər var ki, onların iştirakı mütləqdir. Onlar olmasa o əməkdaşlığın dayanıqlı, müsbət nəticələri olmayacaq. Bugünkü gün görünən odur ki, həm Rusiya, həm Türkiyə, həm də İran rəhbərliyi səviyyəsində onlar bu əməkdaşlıqda maraqlıdırlar. Azərbaycan dövləti də şübhəsiz ki, bu məsələdə maraqlıdır və Azərbaycanın əsas problemi ərazilərinin işğalda olması ilə bağlı idi. Bu problem olmasa, mən hesab edirəm ki, Azərbaycan çoxdan hansısa iqtisadi inteqrasiya birliklərində ola bilərdi. Bu gün biz görürük ki, faktiki olaraq Qarabağ münaqişəsi anlayışı, bu terminin özü belə tarixə çevrilir. Ona görə, Azərbaycan üçün çox böyük imkanlar açılmaqdadır. Hesab edirəm ki, Azərbaycan həmin böyük dövlətlərin bir-biri ilə əlaqələndirilməsində Cənubi Qafqazda açar dövlət kimi də çıxış edə bilər və bu, Azərbaycanın iqtisadi perspektivlərini xeyli dərəcədə gücləndirəcək".
Təhməz Əsədov