Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2020 12:30
İkinci Qarabağ savaşında zəfərimizi canı, qanı bahasına qazananlardan biri də Atiq İbrahimovdur. Onun Vətən, torpaq sevgisi o qədər üstün idi ki, hələ bir neçə ay əvvəl könüllü olaraq ordu sıralarına yazılmışdı. Düşmənin kökünü kəsmək, torpağımızı son qarışına qədər azad etmədən geri dönməmək niyyəti ilə döyüşə yollanmışdı. Valideynləri onun gedişindən elə yola düşəndə xəbər tutmuşdular. Heç görüşüb sağollaşmağa da imkan olmamışdı...
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ailənin yeganə oğlu olsa da, onun üzünü indiyə qədər doyunca görməmişdilər. Atiq əvvəlcə Mingəçevirdə Türk Liseyində təhsil alıb. Həmin müddətdə həftə sonları evə gəlmək imkanı olsa da, o, bu imkanı dərslərini hazırlamağa sərf etdiyindən evə gələ bilməyib. Bundan sonra isə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetinə qəbul olunub. Ömrünün 4 ili də beləcə ailəsindən uzaqda keçib. Atiq bu təhsillə kifayətlənməyərək, növbəti dəfə Ukraynanın Xarkov şəhərinə ikinci təhsil dalınca gedib. Sonra hərbi xidmət dövrü, ondan sonra da Ağdaş rayonunda iş... Bu illər ərzində ailəsi onu cəmi 6 ay - hərbi xidmətdən gəlib işsiz olduğu müddətdə görə biliblər. Sonra da müharibə və əbədiyyət...
"Çox vətənpərvər oğul idi. Hələ uşaqlığından vətənini, bayrağını çox sevirdi. Altıncı sinifdə oxuyurdu, birlikdə futbol oyununun başlamasını gözləyirdik. Qoca nənəsi də divanda uzanmışdı. Oyun başlayanda himn səsləndi, bir də gördüm ki, başını dik tutub fərəqət dayandı. Əli ilə nənəsinə nəsə işarə elədi, başa düşmədik. Bitəndən sonra bizə irad tutdu ki, "himn çalınır, nənə uzanıb, sən də oturmusan. Axı himn çalınanda ayağa durmaq lazımdır"...", - Ariz İbrahimov bildirib.