Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əkiz qardaşı Suqovuşanda şəhid oldu: Səsini eşidəndə qışqırdım ki, ay Allah... - VİDEO - FOTO

Əkiz qardaşı Suqovuşanda şəhid oldu: Səsini eşidəndə qışqırdım ki, ay Allah... - VİDEO - FOTO

Tarix: 16 Dekabr 2020 07:28

Şəhid ailələrinin övladları haqqında xatirələrini dinləyəndə həmişə eyni nöqtəyə gəlib çıxırsan: bu oğullar Vətəni canından da çox sevib, 10 canları olsaydı, 10-unu da qurban verərdilər. Bizi qürurlandıran məqam odur ki, yurdumuzun qəhrəman oğullarında milli qeyrət və vətənpərvərlik hissi həmişə yüksək olub və olacaq da!

Sonxeber.net bildirir ki, ölümü gözə alan belə igidlərimizdən biri də Ozal Yusiflidir. Şəhidin atası İdris Yusifli oğlu haqqında xatirələrini publika.az-a bölüşüb. O, bildirib ki, Ozal əkiz oğullarından biri olub:

"Əkiz övladlarım - Ozalla Tural 11 Oktyabr 1992-ci ildə Yevlax rayonunun aşağı Qarxun kəndində dünyaya gəlib. Ozalın hələ uşaqlıqdan hərbiyə həvəsi olub, 8-ci sinfdə Cəmşid Naxçivanski adına hərbi liseyə imtihan vermişdi, qəbul ola bilməmişdi deyə çox ağlamışdı. Məktəbi bitirdikdən sonra hərbi xidmətini Naxçıvanda N saylı hərbi hissədə çəkməyə başladı. Elə onda qərar verdi ki, hərbidə qalacaq. Kurs keçib maxe kimi işə qəbul oldu.

Milli ruh, vətən və millət sevgisi onda çox güclü inkişaf etmişdi. Bunda müəllimlərinin və oxuduğu məktib də rolu böyükdür. 1992-ci il döyüşlərində kəndimiz Xanlar Məmmədov adlı bir şəhid verib, hazırda orta məktibimiz həmin şəhidin adını daşıyır. Bu şəhidin müharibədə göstərdiyi qəhrəmanlıqları oğluma təsir etmişdi, onu özünə nümunə seçmişdi. Hətta oğlum son dəfə ailəsi, həyat yoldaşı və anası ilə halallaşdıqdan sonra Xanlar Məmmədovun qardaşı ilə görüşə gedib. Ozal şəhidin qardaşına deyib ki, son damla qanıma qədər vuruşub onun qisasını alacam... Dedi və sözün də üstündə durdu".

Ozal Yusiflinin atası bildirib ki, oğlu Talış və Suqovuşan ərazisi işğaldan azad etdikdən sonra şəhadətinə qovuşub:

"Müharibə başlayandan Ozaldan xəbər yox idi, çox narahat idim. Sonuncu dəfə 30 sentyabrda danışa bildim, səsini eşidəndə qışqırdım ki, ay Allah sənə şükür! Güldü, gülüş səsi hələ də qulağımdadır... Bax beləcə deyib gülərək sağollaşdıq.

Hərbi tibbi ekspertizanın rəyinə əsasən oğlum 2 qəlpə yarası alıb, sol tərəfindən 8-ci və 9-cu qabırğaların sınığı olub və daha bir qəlpə yarası ilə kəskin qanitirmədən dünyasını dəyişib. Oktyabrın əvvələrində şəhid oldu, cənazəsi noyabrın əvvələrində gətirildi. Ən ali məramı hərbiçi olmaq və torpaqlarımızın işğaldan azad olunduğu günü görmək idi, başqa bir istəyi yox idi. Ozal tağım komandiri idi. Silahdaşları və yüksək rütbəli hərbiçilər dünən oğlumun yas mərasiminə gəlmişdi, məzarı önündə çox ağladılar... Dedilər ki, Ozal mərd oğlan idi, döyüşlərə hər kəsdən ən öndə gedirdi, böyük həvəs və şüacətlə vuruşurdu. Peşəkar hərbiçi kimi çalışdığı illərdən işgüzarlığı və məsuliyyəti, eləcə də qətiyyət və tələbkarlığı ilə hörmət qazanmışdı Ozal".

Şəhidin qəhrəmanlığından, əzəmətindən qürurla danışan şəhid atası bildirib ki, o, həm mükəmməl övlad, həm ailə başçısı, həm ata, həm də gözəl bir insan olub:

"Yalanı xoşlamazdı, xarakterli və ünsiyyətcil uşaq idi. Evli idi, 12 aylıq bir körpəsi var. Körpəsinə də doymadı. Çünki onun üçün ailədən də, övladdan da öncə Vətən gəlirdi. Bizimlə sağollaşanda qızı yatmışdı. Oyatdı ki, onunla da vidalaşa bilsin... Qızına nənəsinin adını qoymuşdu. Dekabrın 23-də dünyaya gəlib, bir neçə gündən sonra qızının 1 yaşı tamam olacaq. 3 qardaş idilər deyə, qızının dünyaya gəlişi başqa bir sevinc gətirmişdi ocağımıza..."

Şəhidin atası onu da bildirib ki, oğlunun yoxluğu əkiz qardaşına xüsusilə sarsıdıb:

"Tural hiss edirdi ki, qardaşı şəhid olacaq. 1 aydan çox itkin düşmüşdü, qardaşının cəsədi tapılıb evə gətirilməyənə qədər Tural evə yığışmadı. Nə çörək yeyir, nə də çay içirdi".

Əziz ata bil ki, bu gün Ozalın timsalında bütün şəhidlər həm nisgilimiz, həm ürək ağrımız, həm də qürur yerimizdir. İnsan ömrünün ən ali zirvəsi Şəhidlikdir. Şərəfli ömür yaşayıb şərəflə şəhid olan qəhrəmanlarımızın sayəsində bu vətən və bu millət yenilmədi, adımızı qaliblər xalqlar cərgəsinə yazdırdılar, özü də qanları ilə...


Etiketlər:  Əkiz qardaşı Suqovuşanda şəhid oldu Səsini eşidəndə qışqırdım Allah VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ