Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 11:42
Bakı. Samir Əli - Trend:
Vətən müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozaraq azərbaycanlı əsirləri gizlətməyə çalışırdı.
Trend-in məlumatına görə. bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
O bildirib ki, həmin ərəfədə Ermənistan həmçinin insan hüquqlarının, özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu: "Onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.
Artıq qeyd etdiyimiz kimi, 14 vətəndaşımız əsirlik və girovluqdan azad olunaraq Vətənə gətirilib. Əlbəttə ki, qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır".