Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 12:10
Bakı. Trend:
Nəsimi rayonunun əsaslı şəkildə təmir edilən Mirəli Qaşqay küçəsində işlər sona çatdırılıb. Yenidən qurulan küçənin uzunluğu 2.3 km, eni isə ortalama 8 m təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.
Bundan başqa yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Bunun ardınca küçə boyunca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.
Təmir-bərpa işləri yekunlaşdıqdan sonra küçə boyu zəruri olan yerlərə yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılıb. Mirəli Qaşqay küçəsi artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir.
Yaxın günlərdə Nəsimi rayonunda daha bir küçənin də təmir olunaraq istifadəyə verilməsi planlaşdırılır. Bu Xan Şuşinski küçəsinin 1.2 km-lik hissəsidir. Hazırda küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Asfaltlanma işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Anoloji işlər hazırda rayonun Yusif Vəzir Çəmənzəmənli, Qulu Quliyev, Akademik Şamil Əzizbəyov və Mərdanov qardaşları küçələrində də aparılır.