Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 13:15
Bakı. Trend:
Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığının qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Almaniyaya yük aparan 67E47910 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.
Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna fiziki baxış həyata keçirilən zaman köhnə mebellerin içində süni olaraq yaradılmış və üzərinə taxta örtük çəkilərək aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerlərindən 30 bükümdə, ümumu çəkisi 23 kq 950,6 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.