Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 13:22
Dekabrın 19-da keçiriləcək ümumtəhsil müəssisələrində şagirdlər üçün keçiriləcək milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərməyəcək.
Bunu Təhsil Nazirliyindən Sonxeber.net-ın sorğusuna cavab olaraq bildiriblər.
Nazirlikdən deyilib ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumi təhsil pilləsində müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədilə milli qiymətləndirmələr təşkil olunur.
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin məqsədi etibarlı məlumatların toplanması, təkliflərin verilməsi, problemlərin həlli üçün konkret istiqamətlərin müəyyənləşdirilməsidir. Qiymətləndirmənin əsas məqsədi şagirdlərin təlim nəticələrinə təsir edə bilən amilləri öyrənməklə təhsilin vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək fəaliyyəti müəyyənləşdirməkdir.