Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 19:24
30 ilə yaxın müddətdə təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qurbanları sırasında uşaqlar da var. 1992-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 613 nəfərdən 63-ü məhz uşaqlar olub. Bununla yanaşı, 8 ailənin tamamilə məhv edilməsi nəticəsində 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76 uşaq yaralanıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb ki, onların arasında 67 uşaq var.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən Sonxeber.net-a bildirilib ki, 2020-ci ilin 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozularaq dinc əhali, o cümlədən uşaqlar ballistik raket və artilleriyanın qurbanına çevrilib. Nəticədə 11 uşaq həlak olub, 50 uşaq yaralanıb.
Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən uşaqların xatirəsinə ehtiram əlaməti olaraq, eləcə də Bolqarıstanda ehtiyacı olan uşaqlara dəstək məqsədilə Azərbaycanın Bolqarıstandakı Səfirliyi tərəfindən xeyriyyə kampaniyası keçirilib. Aksiya çərçivəsində Səfirlik tərəfindən Bolqarıstanın Roman şəhərində yerləşən Uşaqlar və Ailələr üçün Sosial Xidmətlər Kompleksinin sakinləri olan uşaqlar üçün ərzaq sovqatı göndərilib.
Qeyd edək ki, Kompleksin əsas məqsədi uşaqlar və ailələr üçün dayanıqlı sosial xidmətləri inkişaf etdirməkdir. Kompleks əməkdaşları mühüm qərarlar vermək və ya ailədə ortaya çıxan çətinliklərlə mübarizə aparmaq üçün dəstəyə ehtiyacı olan uşaqlar və valideynlərlə iş aparırlar.