Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiyanın ikinci dalğası texnoloji məhsulların qiymətini BU CÜR DƏYİŞƏCƏK

Pandemiyanın ikinci dalğası texnoloji məhsulların qiymətini  BU CÜR DƏYİŞƏCƏK

Tarix: 17 Dekabr 2020 20:56

"Texnoloji məhsul bazarında iştirakçı sayı çoxdur. Buna görə də qiymət ucuzlaşması gözlənilmir".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov deyib.

O, pandemiyanın ikinci dalğasının texnoloji məhsul bazarına təsiri barədə danışarkən bildirib ki, bu istiqamətdə ciddi dəyişiklik gözlənilmir: "Çünki birinci dalğada həmin tələbi yaradan faktorlar var idi. İnsanların həyat tərzi dəyişirdi və məsafədən, onlayn platformalar üzərindən xidmətlərin təklifi istiqamətində zərurət yaranmış, bu, kompüter, internet təchizatı aparatları, smartfon və s. texnikaların satışını artırmışdı. Amma proses təxmini 8-9 aydır, davam edir. Bu müddət ərzində insanlar imkan daxilində müvafiq texnologiyalara tələbatlarını ödəməyə çalışıblar. Birinci dalğa başlayanda əhalinin və biznesin alıcılıq gücü yüksək idi, əvvəlki dövrdən toplanmış yığımları var idi. Proses bu şəkildə davam edincə biznesə və vətəndaşa ciddi maddi dəstək göstərilə bilmədi. Artıq hansısa istiqamətdə kəskin tələb formalaşdırmaq üçün biznes və vətəndaşın alıcılıq gücü yoxdur. Buna görə, indiki halda gözləmə tendensiyası müşahidə ediləcək".

Ekspert vətəndaşların onlayn platformalara marağının artmasından söz açıb: "Artıq vətəndaş kimsədən asılı olmaq istəmirsə, özü üçün onlayn platformalar üzərindən biznes qurur. Amazon FBA, Shopify-ın yaratdığı imkanlardan istifadə edir. Uzun müddətdir, bununla bağlı təbliğat gedir. Proses uzandıqca insanlar qərar verməyə daha meyilli olurlar. Ola bilər, bu istiqamətlərdə tələb formalaşsın. Amma bu, heç vaxt birinci dalğada yaranmış tələb qədər olmayacaq. Bazarda fundamental əsaslar təmin edilib, hansısa məhsul üzrə tələbat mühiti varsa, o məhsul növləri üzrə tələb aşağı düşən zaman qiymətlər də ucuzlaşır. Şirkətlər daha çox endirim və güzəştlər təklif edirlər. Çalışırlar ki, işçilər bazarda öz paylarını qoruyub saxlaya bilsinlər. Texnologiya məhsulları isə kifayət qədər çeşidlidir. Bazarda iştirakçı sayı çoxdur. Buna görə də qiymət ucuzlaşması gözlənilmir. Ölkəmizdə texnoloji bazar o qədər də liberal deyil, rəqabət azdır. Amma ən azından qiymət artımı dayana bilər".

R.Həsənovun sözlərinə görə, burada digər faktor sahibkarın 2021-ci il üçün manatın məzənnəsi ilə bağlı gözləmələridir: "İlin sonu yaxınlaşdıqca bu təzyiq sahibkarın qiymət ucuzlaşmasına getməsinin qarşısını alır. Çünki belə bir risk var: sahibkar  bu gün ucuz qiymətə satdığı məhsulu sabah baha almalı ola bilər. Bu təzyiq qiymət ucuzlaşmasını ən azından 1-2 ay müddətində əhəmiyyətli səviyyədə olmasının qarşısını alacaq".


Etiketlər:  Pandemiyanın ikinci dalğası texnoloji məhsulların qiymətini CÜR DƏYİŞƏCƏK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ