Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 11:08
"Ölkəmizdə koronavirusun nəzarətdən çıxdığını düşünmürəm".
Bunu Sonxeber.net-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.
Həkim bildirib ki, Novruz bayramına qədər COVİD problemi artıq o qədər də aktual olmayacaq:
"Düşünmürəm ki, virusun qarşısında biz o qədər də aciz qalacağıq. Sadəcə, ölkəmizdə COVİD-lə mübarizədəki işin təşkilində problemlər var. Xəstəxanalarda çarpayı sayı və apteklərin dərman təchizatı ilə bağlı bizim çatışmazlıqlarımız var. Bu məsələni həll etmək lazımdır. Əgər bunu həll etsək, bizdə başqa bir ağırlaşacaq durum olmayacaq.
Önümüzdəki bir-iki ay ərzində artıq peyvəndləmə prosesi olacaq. Novruz bayramına qədər bu problem atıq o qədər də aktual olmayacaq. Kütləvi peyvəndləmə aparılacaq və virus bununla da düşünürəm ki, daha yaxşı kontrol altına alınacaq. Ancaq bu müddətə kimi COVİD-19 xəstəliyinə aid hər hansı bir şikayətiniz - boğaz qıcıqlanması, boğaz ağrısı, burun tutulması, burun axması, öskürək, hərarətin-temperaturun yüksəlməsi, başağrısı, iybilmə və dadbilmə hissiyyatının pozulması, üşütmə, kürək-bel ağrıları, əzələ-oynaq-sümük ağrıları, halsızlıq, ürəkbulanma, qusma, mədə-bağırsaq pozğunluqları, ishal-diareya və s. oxşar əlamətlər varsa, poliklinikaya zəng edib sahə həkimi ilə əlaqə saxlayın ilk növbədə gəlib sizdən test analizi götürsünlər.
Bu şikayətlər 3 gündən artıq davam edərsə, saturasiya 94-dən aşağı düşərsə və əlavə olaraq boğulma, təngnəfəslik, hava çatışmazlığı şikayətləri əlavə olarsa mütləq Döş qəfəsi orqanlarının KT müayinəsini edin. Əgər bu əlamətlər varsa və poliklinikadan gəlib test nümunəsinin götürülməsi ləngiyirsə vaxt itirmədən 3-4 istiqamətdə dərman preparatları və digər qeyd edəcəyim vasitələrdən istifadə edin:
1. Antiviral preparatlar-favipiravir, remdesivir, umifenovir, arbidol, erqoferon, anaferon, uşaqlara-viferon şam şəklində preparatları qəbul edin. Bu preparatlar ilk 5 gündə kömək edir, virusun artıb çoxalmasına mane olur.
2. Anti-inflamator preparatlardan aspirin - 100 mq, covid-19-da dəqiq köməyi təsdiq edilib! Gündəlik 100 mq aspirin qəbul edən xəstələrdə ölüm və reanimasiyaya düşmə halları 40%-ə qədər azalır! Hərarət çox yüksələrsə, əlavə olaraq parasetamol, qripxot, coldrex qəbul edə bilərsiniz. Əgər mədə və 12 barmaq bağırsaq xorası və ya eroziyası varsa və ya aspirin qəbulu mədə ağrısı yaradarsa "Famotidin" qəbul edə bilərsiniz. Omeprazol, lansoprazol və oxşar preparatlar məsləhət deyil.
3. Yanaşı şəkərli diabet, hipertoniya, ateroskleroz, obliterasiyaedici endoarterit, tromboflebit, varikoz, vaskulit və digər damar zədələnməsi iıə müşayiət edilən xəstəlikləri olan pasiyentlər həkim məsləhəti və müvafiq qan analizləri ilə antikoaqulyant preparatlar-kleksan, heparin, oksiparin inyeksiyası etməlidir. Bununla yanaşı bu xəstələrdə boğulma, təngnəfəslik, saturasiyanın aşağı düşməsi olarsa mütləq xəstəxanaya yerləşdirilməlidirlər!
Yanaşı xəstəliyi olan və olmayanlar sutkalıq 1000 mq-a qədər vitamin C və sutkalıq 3200-4000 tv vitamin D, sink, selen preparatları və ya hər hansı polivitamin kompleksi qəbul edə bilər.
Qan təzyiqi yüksək olmayan və şəkərli diabeti olmayanlar çoxlu maye-limonlu çay, su, kompot, nar soku, zoğal, moruq mürəbbəli çay, qan təzyiqi yüksək olanlar kəklikotu çayı, biyan kökü dəmləməsi qəbul edə bilər.
Test analizi müsbət olub heç bir şikayəti olmayan şəxslərə heç bir dərman preparatı qəbul etmək məsləhət deyil.
Çox ciddi şikayətləri olmayan xəstələrə qəti şəkildə və professional-savadlı həkim məsləhəti olmadan antibiotiklər, sistemlər, deksametazon və digər dərman preparatları qadağandır".
Təhməz Əsədov