Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ qazisi Vüsal Əmrahov: Vətən candan da şirindir

Qarabağ qazisi Vüsal Əmrahov: Vətən candan da şirindir

Tarix: 18 Dekabr 2020 11:14

Vətən müharibəsində yaralanan hərbçilərin bir qrupu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alır. Goranboy rayonundan olan könüllü əsgər Vüsal Əmrahov əvvəlcə Ağcabədidə, sonra Ağdam rayonunun Sarıcalı kəndindəki hospitalda müalicə olunub. Sonra onu hazırda müalicə olunduğu Baş Klinik Hospitala gətiriblər. Onun əhvalı yaxşıdır, müalicəsi normal gedir.

Milli.Az bildirir ki, Vüsal AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: "İkinci Qarabağ müharibəsinin ilk günlərində könüllü əsgər kimi döyüş bölgəsinə yollanmışam. Oktyabrın 3-dən 4-nə keçən gecə Tərtər bölgəsində erməni vandalları ilə gərgin döyüşdə ayağımdan ağır yaralandım. Ayağımın amputasiya olunacağından ehtiyat edirdim. Hospitalın həkimlərinin apardığı diqqətli müayinədən sonra belə bir təhlükənin olmadığını öyrənib çox toxtadım. Əlbəttə, can şirin şeydir, amma Vətən ondan da şirindir. Biz ana Vətən yolunda heç nədən qorxmayaraq savaş meydanına atılmışdıq. Lakin qələbə qurbansız, itkisiz olmur. İlk növbədə xalqımızın qazandığı tarixi Zəfər məni hədsiz sevindirir. Hətta həmin tarixi günlərdə yaralarımın ağrısını da unutmuşdum".

Qarabağ qazısı fikrini davam etdirərək deyib: "İndi səriştəli və peşəkar həkimlərin nəzarəti altındayam. Tibb işçiləri gecəli-gündüzlü yaralıların qulluğundadırlar. Hesab edirəm ki, yaxın günlərdə sağalıb ayağa qalxacaq, yenidən öz doğma ocağıma- yolumu gözləyən ailə üzvlərimin, iki övladımın yanına qayıdacaq, rayondakı 3 saylı orta məktəbdə fəaliyyətimi davam etdirəcəyəm. Ayaq üstə olmaq, doğmaların əhatəsində yaşamaq, hər gün səni gözləyən sevimli şagirdlərinin görüşünə getmək, sevdiyin işlə məşğul olmaq çox böyük xoşbəxtlikdir. İşğalçılardan azad, düşməndən təmizlənmiş torpaq üstündə addımlamaq da çox şərəflidir. Ən yaxın günlərdə bu xoşbəxtliyə qovuşmaq və bu şərəfi yaşamaq mənə də nəsib olacaq".

Milli.Az


Etiketlər:  Qarabağ qazisi Vüsal Əmrahov Vətən candan şirindir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ