Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 23:06
Vətən müharibəsində düşmənə qan udduran kəşfiyyatçılarımızdan biri də gizir Nemət Qəhrəmanovdur. O, döyüşlərin ilk günlərindən düşmənə ağır zərbələr vurub. Nemət öz qrupu ilə erməni postlarına daxil olaraq yüksəkliklərin azad edilməsində də qəhrəmanlıq göstərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, əslən Cəbrayıldan olan Nemət 1994-cü ildə dünyaya göz açıb, uşaqlıq illərini və yeniyetmə çağlarını köçkünlükdə keçirib. Ata-baba yurdunun həsrəti ilə böyüyən Nemət Vətənin keşiyində dayanmaq və işğal altında olan torpaqlarımızın azad edilməsi arzusu ilə yaşayıb. Nemət həqiqi hərbi xidməti bitirdikdən sonra yenidən ordu sıralarına qoşulur. Kəşfiyyat bölüyündə xidmətini davam etdirən qəhrəmanımız gizir rütbəsi ilə çalışır. Ömrünün 7 ilini Vətənin keşiyində dayanan Nemət sentyabrın 27-də ən çox istədiyi arzusuna çatıb. Döyüş yolu Füzuli rayonu istiqamətindən başlayan gizirimiz şücaəti ilə seçilib.
Nemət Qəhrəmanov söyləyir ki, onun kəşfiyyat bölüyü döyüşün başlanması üçün hətta qurban kəsməyə də söz veribmişlər: "Arzumuz gerçəkləşdi, torpaqlarımız azad edildi. Düzdür, bizim bölükdən olan bir çox döyüşçü yoldaşım şəhid oldu. Əminəm ki, azad edilən torpaqlarda qurban kəsərkən bizimlə cismən iştirak edə bilməsələr də, ruhları bizimlə olacaq".
O deyir ki, əsgərlərimiz döyüş tapşırıqlarını sevinərək yerinə yetirirdi. "Döyüşlərin birində bir neçə qrupa ayrılaraq hücuma keçdik. Mən öz qrupumla birlikdə düşmənin mövqeyinə keçəndə üç dəfə mühasirəyə düşdük. Amma oradan çıxmağa nail olduq və irəliləyərək 6 postu azad etdik. Düşmən bizi görəndə qaçırdı, çünki döyüşçülərimizdə ruh yüksəkliyi vardı. Bir dəfə də tapşırığa uyğun olaraq, yüksəklikdəki düşmən postunu tutmalı idik. Həmin yüksəklikdə kamera quraşdırılmışdı. Çətin olsa da, həmin yüksəkliyi götürdük və bayrağımızı orada dalğalandırdıq. Həmin ərazilərdə müdafiəni yaratdıqdan sonra irəliləməyə davam etdik. Döyüşlərin üçüncü günü mən yaralandım. Təəssüflənirəm ki, çox tez yaralandım, çünki mənim arzum Şuşaya qədər irəliləmək idi. Mənə o yerlərdə döyüşmək qismət olmasa da, sağ olsun döyüşçü yoldaşlarım, onlar bu qələbəni bizlərə bəxş etdi. Mən qələbə sevincini hospitalda müalicə alarkən eşitdim və çox sevindim".
Qazinin atası Əli Qəhrəmanov təkcə Nemət barədə deyil, digər hərbçi oğlu Allahyar haqqında da fəxrlə danışır. Deyir ki, hərbçi övladları Vətən həsrəti ilə böyüyüb. "Elə buna görə də hər iki övladım öz istəkləri ilə Vətən keşikçisi olmağı seçdi. Biz bu gün çox sevinirik, çünki 27 illik Vətən həsrətinə son qoyuldu. İndi səbirsizliklə doğma yurdumuza köçməyi gözləyirik. Biz Ali Baş Komandana və ordumuza təşəkkür edirik ki, bizlərə qələbə sevincini yaşatdılar. Mən bir qazi atası olaraq şəhid ailələri qarşısında baş əyirəm, yaralılarımıza şəfa diləyirəm," - deyə o qeyd edib.
Qazi anası Cəmilə Allahverdiyeva isə bildirib ki, müharibə başlayandan övladları döyüşlərdə iştirak etsə də, onlara deməyiblər. Nemət yaralananda da xəbərləri olmayıb. Yalnız hospitalda olanda xəbər tutublar.
Allahdan şəhidlərimizə rəhmət diləyən qazi anası, bu qəhrəmanların öz qanları ilə tarix yazaraq, xalqımızın Vətən həsrətinə son qoyduqlarını qürurla vurğulayıb.