Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 23:30
44 günlük Vətən Müharibəsində igid oğullarımız qanları, canları bahasına işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad ediblər. Belə qəhrəmanlarımızdan biri də Sadıqlı İbrahim Şahin oğludur.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, 1993-cü il iyulun 28-də Bakı şəhərində anadan olub. 1999-cu ildə 292 nömrəli orta məktəbin birinci sinfinə daxil olub. 2008-ci ildə təhsilini Bakıdakı peşə liseylərindən birində davam etdirib. 2011-ci ildə təhsilini başa vuran İbrahim hərbi xidmətə yollanıb. 2013-cü ildə xidmətini uğurla başa vurub.
O, 2016-cı ildə yenidən hərbiyə qayıdıb və gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Müdafiə Nazirliyi tərəfindən dəfələrlə fəxri fərman və medallarla təltif edilib.
2018-ci ilin sentyabrından 2019-cu ilin yanvarınadək Çin Xalq Respublikasında keçirilən snayper kursunda 50 ölkə arasında ikinci yeri tutub və bayrağımızı yüksəklərdə dalğalandırıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ, Kəlbəcər, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, 60-a yaxın düşmən əsgərini məhv edib. Oktyabrın 3-də Cəbrayıl istiqamətdə gedən yaralı döyüş yoldaşlarını atəş altından çıxaran zaman şəhidlik zirvəsinə yüksəlib.
Evin son beşiyi olan İbrahim ailəsinə deyib: "Şəhid olsam, elə edin ki, məni bütün Azərbaycan tanısın".
İbrahim Sadıqlı ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı və "Qarabağ" ordeni ilə təltif edilib.