Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 08:27
Vitaminlər adı altında qidanın tərkibində orqanizmə daxil olan, orqanizm üçün əvəzolunmaz qida komponeneti hesab olunan üzvi birləşmələr nəzərdə tutulur. Bu üzvi birləşmələr orqanizmdə maddələr mübadiləsinin tənzim edilməsində iştirak etməklə orqanizmin biokimyəvi və fizioloji proseslərinin normal fəaliyyətini təmin edir.
İnsan orqanizmində bəzi vitaminlər ümumiyyətlə sintez olunmur, bəzi vitaminlər isə orqanizmin təlabatından xeyli az miqdarda sintez olunur. Bir hissə vitaminlər isə orqanizmin toxumalarında sintez edilir, bəziləri isə bağırsaqlarda olan mikroorqanizmlərin həyat fəaliyyətinin məhsuludur.
Vitaminlərin çatışmazlığı orqanizmdə biokimyəvi proseslərin pozulmasına və bununla əlaqədar olan xəstəliklərin əmələ gəlməsinə səbəb olur. 1897-ci ildə Hollandiya həkimi Ş.Eykman müşahidə etmişdir ki, uzun müddət təmizlənmiş düyü ilə qidalanan toyuqlarda beri-beri xəstəliyinə bənzəyən patoloji hallar meydana çıxır. Qidaya düyü kəpəyi əlavə edildikdə isə patologiyalar aradan qalxır. Həmin illərdə Eykman, Yava adasında məhbuslar üzərində təcrübə apararaq qabığı təmizlənmiş düyü ilə qidalanan məhbusların beri-beri xəstəliyinə tutulmasına səbəb olmuş, sonra isə onları düyü kəpyi ilə qidalandıraraq müalicə etmişdir. Bunu nəzərə alan polyak tədqiqatçısı Funk 1911-ci ildən beri-beri xəstəliyini sağaldan həmin maddəyə vita-həyat adını verib.
Beləliklə, insan və heyvan orqanizminin qida vasitəsilə xarici mühitdən aldığı, orqanizmdə enerji mənbəyi kimi istifadə edilməyən, lakin maddələr mübadiləsinin və fizioloji proseslərin tənzimində mühüm rolu olan, bütün biokimyəvi aktiv maddələr vitaminlər qrupu adı altında birləşir.