Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 13:33
Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərin hər birinə çatmağa nail oldu. Onun apardığı məqsədyönlü, ardıcıl və qətiyyətli siyasət nəticəsində "Güclü dövlət" konsepsiyası reallaşdı. Bu mənada, cənab İlham Əliyev güclü Azərbaycan dövlətinin qurucusudur.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Politoloq bildirib ki, düşməni təkcə döyüş meydanlarında məğlub etmədik:
"Prezident İlham Əliyev xalqımızın 30 illik torpaq həsrətinə son qoyaraq Azərbaycan xalqına tarixinin ən böyük sevincini bəxş etdi. 200 ildir davam edən torpaq itkilərinin yaratdığı məğlubiyyət sindromu Ali Baş Komandanın sayəsində qırıldı və ilk dəfə torpaqlarımızın azadlığa qovuşmasının qürurunu və xoşbəxtliyini yaşamaqdayıq. Artıq xalqımızın bütün tarix boyu təntənə, iftixar və böyük məhəbbətlə qeyd edəcəyi Zəfər günü var. Həmin günün memarı heç tərəddüdsüz Prezident, Ali Baş Komandan İlham Əliyevdir.
44 günlük müharibədə qələbəmizi şərtləndirən amillər Prezident İlham Əliyev tərəfindən 17 ildir həyata keçirilən məqsədyönlü siyasətin nəticələrində ehtiva olunub. Həm hərbi potensialımız, həm siyasi-diplomatik müstəvidə əldə etdiyimiz nailiyyətlər, həm də informasiya məkanında qazandığımız uğurlar düşmənin hərtərəfli diz çökməsini təmin etdi. 10 noyabr kapitulyasiya aktı düşmənin acizliyini, zəifliyini və rüsvayçı məğlubiyyətini əyani şəkildə təsdiq etdi. Prezident İlham Əliyev 2 il əvvəl Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda demişdi ki, gün gələcək və işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda nümayiş olunacaq. Həmin gün yetişdi və 10 dekabr 2020-ci il tarixində Azadlıq meydanında keçirilən Zəfər paradında qalib ordunun döyüş bayraqları ilə təntənəli keçidinə şahidlik etdik.
Düşməni təkcə döyüş meydanlarında məğlub etmədik, həm də elə bir informasiya siyasəti həyata keçirdik ki, düşmənin çirkli təbliğatının qarşısı alındı. Cənab İlham Əliyev Azərbaycan xalqının ən böyük informasiya sərkərdəsi olaraq bütün platformalarda münaqişənin tarixi, siyasi və hüquqi əsasları ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırdı. Dövlət başçımızın çıxış etdiyi elə bir kürsü yoxdur ki, orada Qarabağla bağlı həqiqətlər səslənməsin. Müharibə davam edərkən xarici KİV-ə verilən çoxsaylı müsahibələr Azərbaycan Prezidentinin informasiya-təbliğat işinə verdiyi əvəzolunmaz töhfələr kimi dəyərləndirilməlidir".
C.Əhmədli deyib ki, 17 il ərzində Azərbaycan heç bir xarici mənbədən asılı olmayan güclü iqtisadiyyat qurmağa nail oldu:
"17 ildir aparılan məqsədyönlü siyasət münaqişənin hüquqi bazasını formalaşdırdı. Bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ və ətraf işğal olunmuş əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdı. Erməni lobbisinin bütün cəhdləri uğursuz oldu. 90-cı illərin əvvəllərindəki vəziyyətdən fərqli olaraq, dünya ictimaiyyəti erməni yalanlarının girovuna çevrilmədi. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqq-ədalət mübarizəsi apardığı reallığı qəbul olundu. Beləliklə, 27 sentyabr tarixində ordumuzun başlatdığı uğurlu əks həmlə əməliyyatları beynəlxalq müstəvidə mənfi rezonans doğurmadı.
44 günlük müharibəni zəfərlə yekunlaşdırmağımız həm də onunla şərtlənirdi ki, Azərbaycan güclü və davamlı inkişaf edən iqtisadiyyata sahibdir. Prezident İlham Əliyev dəfələrlə ifadə edib ki, iqtisadi müstəqillik olmadan ölkə tam müstəqil siyasət apara bilməz. Bu tezisdən çıxış edilərək ötən 17 il ərzində Azərbaycan heç bir xarici mənbədən asılı olmayan güclü iqtisadiyyat qurmağa nail oldu. Əgər belə bir inkişaf strategiyası həyata keçirilməsəydi, iqtisadi baxımdan xarici mənbələrdən asılı olsaydıq, müharibənin gedişatında bizə qarşı məhz iqtisadi amillər üzərindən təzyiq və təhdidlər edilə bilərdi. Azərbaycanın praqmatik siyasi rəhbərliyi bütün bu ehtimalları əvvəlcədən nəzərə almışdı. Ona görə də düşmən və ona havadarlıq edən qüvvələr məhz bu istiqamət üzrə Azərbaycana qarşı təzyiq rıçaqlarından məhrum oldular".
Təhməz Əsədov