Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 19:24
Bakı. Ləman Zeynalova - Trend:
Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) maliyyə bazarlarında əlverişli şərait olacağı təqdirdə yeni investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır.
Bu barədə Trend-ə Fonddan bildiriblər.
Qeyd olunub ki, 2020-ci il üçüncü rübün sonunadək SOFAZ-ın səhmlərə investisiyalarının həcmi ümumi investisiya portfelinin 14,4 faizini təşkil edib:
"SOFAZ bu və ya digər aktivlərə investisiyaların payının dəyişməsi barədə qərarı makroiqtisadi təhlilə əsaslanaraq qəbul edir. Fond bazarları bu ilin martından artım nümayiş etdirsə də, biz hesab edirik ki, hazırda dünya iqtisadiyyatı həssas vəziyyətdədir. Bununla əlaqədar olaraq qısamüddətli perspektivdə səhmlərə əlavə investisiyalar planlaşdırmırıq. Dünya fond bazarlarında və iqtisadiyyatda pandemiya ilə əlaqədar vəziyyətin yaxşılaşacağı təqdirdə biz yeni investisiya imkanlarını nəzərdən keçirməyə hazırıq".
Bundan başqa, Fonddan bildiriblər ki, SOFAZ 60-dan çox maliyyə korprasiyası və investsiya bankı ilə əməkdaşlıq edir, onların xidmətlərindən yararlanır:
"SOFAZ Suveren Rifah Fondları Beynəlxalq Forumunun İdarə heyətinin üzvüdür. Fond həmçinin Dünya İqtisadi Forumunun tərəfdaş təşkilatlarından biridir. Eyni zamanda, SOFAZ Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir".