Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 18:06
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il keçirilən “Gözəl Quran oxuma” müsabiqəsi onlayn olaraq baş tutub.
Müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İslamşünaslıq kafedrasının müəllimi Faiq Əhmədzadə münsiflər heyətində təmsil olunublar.
Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, bu gün oxunan Qurani-Kərim ayələrinin Vətən müharibəsində öz canlarını fəda etmiş şəhidlərimizin ruhuna ithaf olunduğunu vurğulayıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.
Müsabiqənin əhəmiyyətini vurğulayan A.Şirinov qeyd edib ki, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını anlamaq vacibdir.
Rektor ali təhsil müəssisəsində mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata keçiriləcəyini nəzərə çatdırıb. A.Şirinov müsabiqədə iştirak edən tələbələrə uğurlar arzu edib.
Sonra Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib. Belə müsabiqələrin tələbələrə təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quran oxuma” müsabiqəsində ikinci kurs tələbəsi Murad Kərəmov birinci yerə, ikinci kurs tələbəsi Qardaşov Ramazan ikinci yerə, birinci kurs tələbəsi Əliyev Kənan üçüncü yerə layiq görülüblər.
Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.