Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 10:32
"İndi ağır xəstələrin konkret yaş qrupunu demək mümkün deyil. Çünki biz həm cavanlarda, həm də yaşlı şəxslərdə COVİD-dən ağırlaşmanı görürük".
Bunu Sonxeber.net-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.
İnfeksionist bildirib ki, hazırda ağır xəstələrdə daha çox müşahidə edilən simptomlar təngnəfəslik, boğulma hallarıdır:
"Söz yox, qayda olaraq yenə də deyirik ki, 65 yaşdan yuxarı, xroniki xəstəliyi olanlar risk qrupuna daxildir. Bunlarda ağırlaşmanı biz hər zaman müşahidə edə bilərik. Amma bizim 35-40 yaşında elə cavan xəstələrimiz var ki, heç bir yanaşı xəstəliyi də yoxdur, amma xəstəliyi çox ağır dərəcədə keçirir. Hətta bu yaş qrupunda dünyasını dəyişən xəstələrimiz də olur. Yəni, bu daha çox orqanizmin verdiyi cavab reaksiyasından, virus yükündən çox şey asılıdır. Xəstə nə qədər virus yükü alırsa, immun sisteminin ona verdiyi cavab reaksiyasından asılı olaraq xəstəliyin gedişatı fərqli olur.
Elə yaşlı xəstələrimiz də var ki, xroniki xəstəlikləri də var, 65-yaşın üzərindədir, amma xəstəliyi çox rahat, yüngül keçirirlər. Yəni, burada konkret yaş qrupu qeyd etmək düzgün deyil.
Hazırda ağır xəstələrdə daha çox müşahidə edilən simptomlar təngnəfəslik, boğulma hallarıdır. Ağır xəstələrdə saturasiya otaq havasında 90-dan az (< 90) olur, tənəffüs sayı (taxipnoe) isə 30/dəq müşahidə edilir. Ağır xəstələrdə radioloji müayinə zamanı ağciyər tutulumu -50 % üzərində nəzərə çarpır.
Yeni növ mutasiyaya uğramış virusun yoluxuculuğu 70% artıb. Bu daha çox insanın yoluxması deməkdir. Bu eyni zamanda xəstəxana yükünün artması, ağırlaşma və ölüm hallarının artması riski yaradır. Ümid edirəm ki, aparılan ciddi karantin şərtlərinə əməl edərsək belə bir vəziyyət ilə qarşılaşmarıq".
Təhməz Əsədov